Vətən istiqbalı üçün döyüşən İqbal - VİDEO

11 Sentyabr 2021 11:38

Vətən Müharibəsi şəhidi İqbal Babayevin 26 yaşı oldu

Milli.Az Real TV-yə istinadən bildirir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı könüllü olaraq döyüşlərə atılan qəhrəmanlarımızdan biri İqbal Babayevin doğum günüdür.

Dünən şəhidimizin 26 yaşı oldu. Ürəyi vətən eşqi ilə döyünən İqbalın doğmalarından xəbərsiz döyüşlərə atılması təsadüfi deyildi. Uşaqlıqdan döyüş filmlərinə baxırdı, hərbçi olmaq istəyirdi. Amma ailəsinin təkidi ilə başqa ixtisası seçməli olmuşdu. İllər keçsə də, görünür hərb sahəsinə olan sevgisi seçdiyi peşəsini üstələdi. General Polad Həşimovun şəhid olması İqbalın içindəki arzuları daha da alovlandırdı.

Döyüşçü yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqəmizin birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş.

Şəhid İqbal Babayev ölümündən sonra Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə" və "Vətən Uğrunda" medalları ilə təltif olunub.

Milli.Az