Bölgələrdə “Pfizer” vaksini nə qədər əl çatandır? - VİDEO

11 Sentyabr 2021 11:10

Paytaxtla yanaşı böləgələrdə də peyvəndləmə işləri həyata keçirilir. Ancaq paytaxtdan fərqli olaraq bölgələrin bir çoxunda vaksin olunmaq istəyənlərə seçim imkanı verilmir. Çünki bu regionlarda sadəcə olaraq Sinovac vaksini vurulur. Pfizer vaksini isə yoxdur? Bəs buna səbəb nədir?

Bölgələrin bir çoxunda koronovirusa görə vaksin olunmaq üçün poliklinikaya müraciət edənlər Pfizer peyvəndindən istifadə etmək istsələr də amma buna nail ola bilmirlər. Çünki əksər bölgələrdə  Pfizer peyvəndi yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Tovuz, Qazax və Ağsatafada yerləşən heç bir xəstəxanda Pfizer peyvəndinə rast gəlmək olmur.

Sakinlər bildirir ki, Pfizer vaksinin  bölgədə olmaması ondan istifadə etmək istəyənlərə problem yaradır. Ətraf bölgələrə getmək üçün maliyyə vəsaiti və vaxt itkisinə görə bir çoxu məcbur olub rayon daxilində olan vaksinlə peyvənd olunublar.

Məsələ ilə əlaqədar Tovuz rayon Mərkəzi xəstəxanasına müraciət etdik. Xəstəxanada faktı təstiqlədi və bildirdilər ki, rayonda vaksinasiya prosesi yanvar ayından başlanılıb və sadəcə onlara verilən peyvəndlər əsasında aparılır.

Eyni mənzərə Qax, Zaqatala bölgəsində də yaşanır.Vaksinasiyaya gedən vətəndaşlara sadəcə sinovac peyvəndi təklif olunur.

Məsələ ilə bağlı Zaqatala rayon mərkəzi xəstəxanasından bildirdilər ki, xəstəxanada peyvəndləmə işləri artıq uzun müddətdir həyata keçirlir və dövlət tərfindən onlara hansı vaksin verilibsə onunla peyvəndləməni edirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildiriblər ki, Pfizer peyvəndi bölgələr üzrə yaradılmış regional mərkəzlərdə vurulur. Buna səbəb peyvəndin saxlanma şəraiti və tələbatdır. Həmin peyvənd saxlama şəraiti olmayan bölgələrə göndərilmir. Pfizer peyvəndi üçün 5 regional mərkəz yaradılıb. Bunlar Gəncə, Quba, Bərdə, Lənkəran və Şəki xəstəxanalarıdır. Digər rayonlarda yaşayan vətəndaşlar onlara yaxın olan regional mərkəzlərə müraciət edə bilərlər.

Milli.Az