Mütəxəssis: Əgər onkoloji xəstələr aktiv terapiya almırlarsa, onlar COVID-19 əleyhinə vaksin vurdura bilərlər

12 Sentyabr 2021 20:25

Onkoloji xəstələrə, ümumilikdə, koronavirus əleyhinə peyvənd vurdurmaq tövsiyə olunur. Hətta Almaniyada onkoloji xəstələr prioritet qrupa daxil edilərək ilk peyvəndlənən xəstələrdir. Təbii ki, bu, bütün onkoloji xəstələrə aid deyil. Çünki onkoloji xəstələrin aktiv kimyaterapiya, immun terapiyası alan və heç bir terapiya qəbul etməyən qrupları var. Bu baxımdan vaksin məsələsində maksimum diqqətli olmaq lazımdır. Həkimlər, onkoloqlar xəstənin vəziyyətinə uyğun olaraq onun peyvənd olunub-olunmamasına qərar verə bilərlər. Əgər xəstələr aktiv terapiya almırlarsa, onları adətən COVID-19-a qarşı peyvənd olunmağa yönləndirirlər. Lakin burada da bir neçə istisnalar mövcuddur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Almaniyanın Münxenqladbax şəhər xəstəxanasının urologiya və uşaq urologiyası şöbəsinin həkimi Hikmət İsmayılov deyib.

Mütəxəssis bildirib ki, əgər kök hüceyrəsi nəqli həyata keçirilmiş bir xəstə varsa, bu, onkoloji müalicənin bir hissəsi olduğundan vaksinasiya bir müddət gecikdirilir: "Məsələn, leykemiyadan əziyyət çəkən xəstələr yüksək dozada kimyaterapiya və şüaterapiya aldıqlarından onların sümük ilikləri məhv olur. Nəticədə həmin xəstələrə kök hüceyrə nəql edilir. Nəqldən sonra ilk 3-6 ay ərzində həmin xəstələrə peyvənd olunmamaq məsləhət görülür. Ümumilikdə isə onkoloji xəstələrin vaksinasiyası həkimlər tərəfindən tövsiyə olunur.

İmmun sistemi zəifləyən onkoloji xəstələrə peyvəndin effektinin necə olacağı hələ məlum deyil. Çünki bütün peyvənd növləri bir neçə təcrübə mərhələsindən keçiblər və bu zaman eksperimentlərdə immun sistemi zəif olan xəstələr iştirak etməyiblər. Lakin indiyə qədər olan müşahidələrdən irəli gələrək deyə bilərik ki, peyvəndin təsiri xərçəngdən əziyyət çəkməyən digər xəstələrə nisbətən zəif ola bilər. Buna görə də ola bilər ki, həmin şəxslərin immun sisteminin bərpa olunmasını gözlədikdən sonra onları yenidən peyvənd etmək ehtiyacı yaransın".

Milli.Azc