Gürcüstandan Azərbaycana keçmək istəyən qaraçılar saxlanılıb - FOTO

10 Sentyabr 2021 16:50

Gürcüstandan Azərbaycan istiqa­mətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfər qaraçı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləş­dirilmişdir. Faktla bağlı cinayət işi başlanılmış, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar, hazırda istintaq tədbirləri davam etdirilir.

Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanun­suz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.

2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqa­mətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılmışdır.

Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilmişlər.

Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilmişdir.

Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir.

Milli.Az