Yerə nə üçün endiyimi unutduğum üçün, məni bağışla!

11 Sentyabr 2021 19:20

Ey mehriban Allahım! Məni bağışla ki, yerə nə üçün endiyimi unutmuşam. Nə qədər qüdrətli və böyük olduğunu unutmuşam. Bütün lütf və məhəbbətlərini yaddan çıxartmışam.

Ömür sərmayəmi boş yerə xərclədiyim üçün məni bağışla! Elə bilirik ki, sona çatmayacaqdır, ancaq yanılırıq. Bir göz qırpımı ərzində ömür sərmayəmizi əldən veririk.

Yerə enən zaman hədəfimiz Sən idin. Ancaq Sənin heç kəsin ibadətinə ehtiyacın yoxdur. Sən Xaliqsən və ehtiyacsızsan.

Ancaq biz bu zəif ağlımızla elə düşünürük ki, Sənə bəndəlik etməklə, sanki Sənə minnət qoyuruq. Halbuki, Allahım, hər bir işimizdə məhz Sənə möhtacıq. Sənə ehtiyaclı olduğumuzu dərk edə bilmirik.

Allahım, ömür sərmayəm sona çatmaqdadır. Səndən istəyirəm ki, mənə yardım edəsən. Bu sərmayəmin qalan hissəsini Sənə çatmaq üçün xərcləyə bilim. Mənim kimi zəlil bəndəyə yardım et ki, qəlbimi dünyadan üzə bilim. Qəlbimi ancaq Sənin məkanın edim.

Sənə malik olanlar - ən zənginlərin, Səndən məhrum olanlar isə ən yoxsullarındır.

Deməyə sözlərim çoxdur, ancaq gücüm yoxdur. İndiyə qədər keçən ömrümə görə, Sənin yanında xəcalətliyəm. Çünki bu keçən ömrümdən bir məhsul əldə etməmişəm.

Halbuki, Sən həmişə mənə xatırlatmısan ki, qəlbim ancaq Sənin yerin olmalıdır. Mən isə qafil olmuşam. Nə zaman Səndən qeyrisinə ürək bağlamışam - ürəyimin sınmaq səsini daha ucadan eşitmişəm. (Beytutə)

Buna baxmayaraq, yenə də unutmuşam. Yenə də Səndən qeyrisinə ürək bağlamışam, sanki Səni tanımamış kimi...

Bağışla məni, bağışla...

Milli.Az