İnsanın və bal arısının ictimai həyatının hansı əsas fərqi var?

11 Sentyabr 2021 21:20

Ustad Mütəhərrinin nəzərinə görə, kəramət - insanın ictimai tərbiyəsinə təsir göstərən ən mühüm amillərdəndir. Alim buyurur: "İslami nəzərdən insanın ictimai varlıq olması - bir fitri mövzudur. İsbat olmağa ehtiyacı yoxdur. İnsan ictimai həyat sürmüş və sürməkdədir.

Müqəddəs Quranda buyurulur: "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur).

Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13).

İnsanlar istedad və imkan baxımından eyni yaradılmayıblar. Əgər belə xəlq olsaydılar, bir insanda o şeylər olardı ki, qalan insanlarda da həmin şey olardı. Onda olmayan başqalarında da olmazdı.

Allah insanları istedad, fikir, düşüncə, təfəkkür və ağıl baxımından fərqli yaratmışdır. Bəzilərini bəzilərindən üstün etmişdir. Bəzilərinə daha çox maddi nemətlər vermişdir. Bəzilərinə isə daha çox elm əta etmişdir.

İnsanlar bir yerdə yaşadıqları üçün bu istedadlarına uyğun olaraq həyatı bölüşməlidirlər. Yəni, insanlar öz aralarında iş bölgüsü etməlidirlər.

Bal arılarının ictimai həyatı fitri olaraq həyata keçər. Ancaq insanın həyatı belə deyildir. Yəni, heç bir insan üçün qabaqcadan ictimai həyat proqramı cızılmamışdır. İnsan öz iradə və ixtiyarı ilə ictimai rabitələr qurar və cəmiyyətdə yer qazanar.

Əgər ictimai mühitdə yaşayan insan öz vəzifəsindən agah olar və onu ən yaxşı şəkildə yerinə yetirərsə, İslam dininin nəzərinə görə buna insan kəraməti səbəb olar. Yəni, insan öz kəramətini dərk edərsə, cəmiyyətdə rabitələrinə diqqət edər və gördüyü işin mahiyyəti onun üçün mühüm olar. Yəni, elə işlə məşğul olar ki, insanlığa xeyir versin, ziyan deyil. Eyni zamanda kəraməti olan insan özü kimi insanlarla rabitədə olar. Bu da cəmiyyətdə insan kəramətinin hansı həddə olmasını başqalarına tanıdar və aydın edər.

Başqaları ilə rabitədə əgər kəramət meyar olarsa, insan öz kəramətini qorumaqla yanaşı, qarşı tərəfin də kəramətini əziz tutar və onu alçaltmaz. Eyni zamanda öz kəramətini təhlükə altına qoymaz. Ona görə də o kəsin ki, kəraməti olmaz - cəmiyyətdə hansı əməli gəldi, yerinə yetirər - istər münasib olsun, istərsə də olmasın.

Əmirəl-möminin (ə) buyurur: "O kəsin ki, nəfsi özü üçün kiçik olar - onun şərindən amanda olmazsan".

O zamana qədər ki, insana ehtiram göstərilər, deməli insan öz kəramətini başqalarına göstərə bilmişdir. Təkamül yoluna qədəm basmışdır. Belə insan təkamülün ən ali dərəcəsinə çatmağa qadir olar. Bir şərtlə ki, İlahi yoldan azmasın.

Milli.Az