Quranın bizlərə 13 tövsiyəsi

11 Sentyabr 2021 22:40

Qurani-Kərim hər bir müsəlman üçün nəsihət və ibrət kitabıdır. Quran biz müsəlmanlara çox sayda tövsiyələr verir və bizləri günahdan çəkindirir. Sağlam ruhiyyəyə malik olmaq üçün Quranın buyurduqlarına əməl etmək - hər bir müsəlmanın borcudur. Quranın bizlərə verdiyi 13 nəsihətə diqqət yetirək. (Tebyan)

1. Lovğalanmaqdan çəkinmək. Bu gün həyat, təmtəraqı və texnologiyası ilə bizləri özünə məşğul etmişdir. Biz ondan qafilik ki, əgər lovğalıq tələsinə düşsək, bizi tamah, hərislik, həsəd kimi günahlara batıra bilər. "Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir". ("Hədid" 20).

2. Mətanət göstərmək. İnsanın həm fərdi, həm ictimai və həm də ailə həyatında baş verən çətinliklərə qarşı mətanətli olması onu həm ruhi və həm də cismi cəhətdə güclü edər. Ona elə bir qüvvə verər ki, müsibətlər heç bir zaman onu məğlub edə bilməz. "Şübhəsiz, (səmimi qəlbdən) "bizim Rəbbimiz Allahdır!" deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): "Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə!". Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır. Bağışlayan və mehriban (Allah) tərəfindən ilk ruzi (ziyafət)dir". ("Fussilət" 30-31).

3. Ürək yəqinliyi. Allahla davamlı rabitə qurmaq insanı imanın elə dərəcəsinə çatdırar ki, ürək yəqinliyi əldə edər. Bu yəqinlik ki, ruhunu və canını sağlam və hüzurlu edər. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

4. Allahı yada salaraq, qəm və qüssə aradan gedər. İnsan əgər özünü tənha hiss edərsə, qəm və qüssəyə düşər. Lakin Allahın varlığı və ona şah damarından da yaxın olmağı bu cür qorxu və qəmi aradan aparar.

5. Qüdrət Sahibinə etimad göstərmək. Allah Təala qüdrət sahibidir. Heç bir qüvvə Ondan üstün və qüdrətli deyildir. Bu qüdrətin nişanələrini insanın zahirində və batinində, şəxsiyyətinin gizli və aşkar tərəflərində görmək olar. "Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir". ("Zariyat" 58).

6. Himayə mənbəyidir. İnsan ictimai və fərdi həyatında davamlı olaraq himayəçi və arxa istəyir. Həyatın hadisələrində ona arxa olmasını istəyir. Bu aləmdə Allahdan gözəl himayəçi vardırmı? Allah insanın bütün işlərindən agahdır. "Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır". ("Fussilət" 31).

7. Ailə qurmaq. Evlilik və həyat yoldaşını seçmək - insanın təkamül və kamala çatması üçün mühüm amildir. Həmçinin insanın ruhunu sağlam saxlayar. "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

8. Sui-zəndən çəkinmək. Sui-zənn - elə rəzil sifətlərdəndir ki, insan ruhunun sağlamlığını təhlükə altına salar. Əgər ona diqqət edilməzsə, təhlükəli xəstəliklərə səbəb olar. "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır". ("Hucurat" 12).

9. İlahi qəza və qədərə razı olmaq. İlahi qədərə razı olmaq insana ruhi hüzur verər. Allahın onun üçün təqdir etdiklərinə razı olur. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə" 216).

10. Tənhalıqdan xilas olmaq. Tənhalıq elə bir amildir ki, insan ruhunu zədələyər. İnsan dost və yoldaşı ilə rahatlıq və hüzur tapar. Allah elə bir dostdur ki, heç kəsdən qarşılıq istəməz. Heç kəsdən mənfəət güdməz. Allah heç bir insanı tənha buraxmaz. Hər yerdə Onunladır və yardım lazım olan zaman ilk O, əlindən tutar.

11. Məada etiqad bəsləmək. Məada ümid bəsləmək ruhu sağlam edər. Çünki bu insan həyatın puç olduğunu bilir və hədəfsiz yaşamır. Axirət üçün çalışır və planları vardır. "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!". ("Ənkəbut" 64).

12. Bəzi insanlardan uzaq olmaq. O insanlar ki, fitnə və fəsada, nifaqa can atır, o insanlar ki, Allah Təalanın qoyduğu sərhədləri aşır və axirətə iman bəsləmirlər - onlar başqa insanlar üçün təhlükədirlər. Bu cür insanlarla dost olmaq insanı süqut etdirər, zəlil edər. Quran ibrətli hekayələr şəkilində bu həssas nöqtəyə işarə etmiş və bizlərə nəsihət vermişdir.

13. Ümidsiz olmamaq. Ümidsizlik elə bir amildir ki, insanın şəxsiyyətini alçaldar, hətta intihara qədər gətirib çıxardar. Halbuki, ümidvar olan insanın ruhu həmişə sağlamdır və tərəqqi etməyə can atır. Ümidsiz insan İlahi rəhmətdən məhrum olar. "Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).

Milli.Az