Moskva və Rusiyanın patriarxı Ermənistan prezidenti ilə görüşəcək

3 May 2010 11:36
Milli.Az portalı xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşadazə deyib. O bildirib ki, Moskva və Rusiyanın patriarxı Kiril müharibəni davam etdirməyin düzgün yol olmadığını deyib və tərəfləri sülhə çağırıb. Həm patriarx Kiril, həm də şeyxülislam Allahşükür Paşazadə erməni katalikosu Qaregindən xahiş ediblər ki, onların çağırışını Ermənistan hakimiyyətinə çatdırsın.

Şeyxülislam məlumat verib ki, yaxın vaxtlarda Ermənistan prezidenti Serj Sarkisyan və patriarx Kiril arasında görüş olacaq: "Bu məsələ orada da müzakirə olunacaq. Biz qərara gəldik ki, hər üçümüz Dağlıq Qarabağ münaqişəsinin həllinə müəyyən mənada köməklik edək. Mənə elə gəlir ki, siyasətçilərə mənəvi köməklik göstərməyimizə ehtiyac var. Bu, o demək deyil ki, biz siyasətə qarışırıq. Söhbət tək siyasətdən yox, həm də xalqların həyatından gedir".

Bütün Qafqazın şeyxi istisna etməyib ki, gələcəkdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə görüşlərinə dini liderlər də qatılsınlar: "Biz din adamlarıyıq. Borcumuz insanları sülhə çağırmaq və məsələnin sülh yolu ilə həllinə çalışmaqdır".

Allahükür Paşazadə erməni katalikosu Qareginlə ikitərəfli görüşün keçirilməməsinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, tərəflər görüşün təşkili üçün Moskva və Rusiyanın patriarxı Kirilə müraciət ediblər. Bu baxımdan, Rusiya patriarxı görüşdə vasitəçi qismində iştirak edib. Şeyxülislam bildirib ki, üçtərəfli görüşlər bundan sonra da davam etdiriləcək.

O ki qaldı həm sammitin özündə, həm də üçtərəfli görüşdən sonra imzalanan bəyannamədə yer alan sülh çağırışlarına, Bütün Qafqazın şeyxi hesab edir ki, bu, dini liderlərin borcudur: "Bizim top-tüfənglə, müharibə ilə danışmağa haqqımız yoxdur. Azərbaycanın Prezidenti, Ali Baş komandanı, müdafiə naziri var. Onlar başqa cür bəyanatlar verə bilərlər. Mən isə bir din xadimi kimi məsələnin yalnız və yalnız sülh yolu ilə həllinin tərəfdarıyam. Çünki bir insanın həyatını qorumağın bütün insanların həyatını qorumaq qədər savabı var. Amma xalq başa düşməlidir ki, bizim sülhə çağırış etməyimiz mövqeyimizdən uzaqlaşmağımız demək deyil".

Milli.Az