Müsavat Partiyasında yeni təyinatlar olub
3 May 2010 12:01
Müsavat Partiyasında 108 nəfər təqribən 100 seçki dairəsi üzrə parlament seçkisində iştirak etmək istəyi ilə bağlı müraciət edib. Bu barədə Milli.Az xəbər portalına açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, bu barədə Müsavat Partiyası Məclisinin mayın 2-də keçirilən növbəti toplantısında məlumat verilib.
"Toplantıda həmçinin dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı Divan üzvü Qubad İbadoğlunun təqdim etdiyi təkliflər paketi müzakirə olundu. Əlavə və düzəlişlər nəzərə alınmaqla sənəd əsas kimi qəbul edildi. 2010-cu il parlament seçkisinə hazırlıq məsələləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri kimi mən çıxış etdim. Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətlə bağlı isə partiya sədri İsa Qəmbərin çıxışı oldu" - deyə A.Hacılı bildirdi.
Daha sonra Məclis Binəqədi rayon təşkilatının yeni seçilmiş sədri Nemət Kərimlinin Məclis üzvü səlahiyyətlərini təsdiq edib.
Tofiq Yaqublunun Müsavat Partiyası sədrinin müavini təyin edilməsi ilə əlaqədar onun yerinə Məclis katibi vəzifəsinə gizli səsvermə ilə Arifə Hüseynli seçilib. Sonra Məclisdə boş qalmış yerlərə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə Başxanım Abbaslı, Dünyaxanım Vahab, Əhəd Məmmədli, Bahar Mikayıl və İkram İsrafil Məclis üzvü seçiliblər.
"Səslənmiş fikir və təkliflər nəzərə alınmaqla Məclis adından sənədin hazırlanması Divana həvalə edilib"- deyə İcra Aparatının rəhbəri əlavə etdi.
Aydın A.
Milli.Az