Xətai rayonunda açılan "Gənclik" parkının qarşısında axşam saatları olmasına baxmayaraq maşınların sıxlığı var idi. Yaxınlıqda yaşayanlarla yanaşı kənar yerlərdən də sakinlər ailəlikcə parka istirahətə üz tutmuşdu.
Cəmi bir gündür açılsa da park rayonun ən populyar məkanına çevrilib. Milli.Az Real TV-yə istinadən xəbər verir ki, parkı gəzib 40 hektar ərazi ilə qısa vaxtda tanış olmaq isə heç də asan deyil. Odur ki, kimisi ağac altında, kimisi göl kənarında mənzərənin dadını çıxarır. Xəzərin gecə görüntüləri isə dənizlə yaşıllığı bir arada görmək istəyənləri bura xüsusilə cəlb edir.
Bağlı və açıq futbol meydançaları, qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkı idmansevərlərin, xüsusilə də yeniyetmə və gənclərin ən çox üz tutacaqları məkana çevirir.
Yeni məkanda ən çox vaxt keçirmək istəyən isə uşaqlardır.
Hələ 2019-cu il noyabrında "Gənclik" parkı yeni salınarkən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlət başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, infrastrukturun yaradılması barədə tapşırıqlar vermişdi. Qısa zaman keçməsinə baxmayaraq bütün işlər görülüb və yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.
Milli.Az