Bacısının ad günündə ŞƏHİD olan QƏHRƏMAN - Cavid Paşazadə - VİDEO

28 Avqust 2021 13:18

ikinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri - şəhid Cavid Paşazadənin doğum günüdür. 20 yaşı tamam olan qəhrəmanımız ailəsi və yaxınları tərəfindən məzarı başında yad edilib. 

Vətən müharibəsinin qəhrəmanlarından biridir Cavid Paşazadə. O, 2001-ci ildə Bakıda anadan olub. 2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. Vətəninə, torpağına bağlı olan igidimiz hərbçi olmaq arzusunda olub hər zaman. 

"Səmimi, zarafatcıl insan idi Cavid. Onun haqqında danışanda heç vaxt üzümüzdə kədər olmur" deyir anası. Üç bacının bir qardaşı olan Cavid bacısının doğum günündən bir gün öncə ailəsinə zəng edib. Özü yanlarında olmasa da, bacısı üçün ad günü keçirmələrini xahis edib. Səhəri gün bacısının ad günündə şəhid olduğu xəbəri gəlib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Cavid cəbhədə olarkən ailəsinə "siz özünüzdən muğayət olun, burda torpaqlarımızı igid oğullarımız qoruyur. Düşmənə güc gəlib torpaqlarımızı geri alıb sağ-salamat qayıdaram, qayıtmasam da bayrağa bükülüb gələrəm"- deyib. Qəhrəmanımız 2020-ci ilin oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Bu gün şəhidimizin doğum günüdür. Ailəsi və yaxınları qəhrəmanımızın 20 yaşını qeyd edib, onu məzarı başında yad ediblər. Qeyd edək ki, şəhid Cavid Paşazadə torpaqların azad olunmasında göstərdiyi şücaətə görə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az