"Taliban" səhiyyə sahəsinin qadın əməkdaşlarını işlərinə qayıtmağa çağırıb

27 Avqust 2021 23:30

"Taliban" hərəkatı Əfqanıstanda səhiyyə sahəsində çalışan qadınları öz işlərinə qayıtmaları üçün çağırış edib və bildirib ki, onların vəzifələrini icra etmələrinə müdaxilə olunmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

"İslam Əmirliyinin ("Taliban" öz siyasi sistemini belə adlandırır - Red.) İctimai Səhiyyə Nazirliyi qadın işçilərə bildirir ki, onlar mərkəzlərdə və əyalətlərdə müntəzəm olaraq öz vəzifələrinə qayıtmağa hazır olmalıdırlar. İslam Əmirliyi tərəfindən onların işinə heç bir maneə olmayacaq", - deyə hərəkatın sözçüsü Zabiullah Mücahid qeyd edib.

Bundan əvvəl "taliban"çılar bildiriblər ki, Əfqanıstanda dövlət qulluqçusu olan qadınlar gələcəkdə müvafiq qaydalar hazırlandıqdan sonra öz vəzifələrinin icrasına başlaya biləcəklər.

Milli.Az