UNESCO-dan ədalətli mövqe nümayiş etdirmək xahiş olunur - ISESCO-nun sabiq baş direktoru

27 Avqust 2021 10:44

Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı otuz il ərzində çoxsaylı mədəni, dini abidələr və məkanlar dağıdılıb, bəziləri tövləyə çevrilib. Bu isə bütün beynəlxalq hüquq və humanizm prinsiplərinə ziddir.

Bunu Trend-ə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O bildirib ki, dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO bu cür pozuntulara, məscidlərin və digər dini abidələrin təhqir olunmasına qarşı səssiz qalıb:

"Torpaqlar işğaldan azad edildikdən sonra UNESCO ayılıb həmin ərazilərə səfər etməyə maraq göstərdi. Azərbaycan bu fikri alqışlasa da, Ermənistan buna qarşı çıxır. Bu, hər zaman aqressiya nümayiş etdirmiş və beynəlxalq hüquqa qarşı çıxan Ermənistan rəhbərliyinin əsl simasını göstərir".

Sabiq baş direktor əlavə edib ki, indi UNESCO-dan ədalətli mövqe nümayiş etdirmək, mədəni və dini irs obyektlərinin qorunması, eləcə də Ermənistan rəhbərliyinin yaydığı saxtakarlıq və təhriflərin təkzib olunması ilə bağlı öhdəlikləri üzərinə götürmək xahiş olunur:

"Artıq UNESCO-nun bu nəcib missiyanı yerinə yetirməsinin vaxtı çatıb. Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq dialoq vasitəsilə sülh və qarşılıqlı anlaşma mədəniyyətinin təbliğ olunması üçün işləyirik və hər növ aqressiya və beynəlxalq hüquq pozuntularına qarşı mübarizə çərçivəsində UNESCO ilə tam əməkdaşlığa hazırıq. Biz UNESCO ilə eyni prinsipləri bölüşürük və regionda bütün mədəni və dini irs obyektlərinin, xüsusilə son otuz ildə erməni işğalı nəticəsində dağıntlara məruz qalmış obyektləriin qorunması üzrə birgə işləyə bilərik".

Milli.Az