Qarabağlı ermənilərin qaranlıq dövrü başlayır

25 Avqust 2021 10:54

Dünən axşam saaat 19.00 radələrindən başlayaraq Xankəndində, Ağdərədə, Əsgəranda və Xocavənddə elektroenerji təminatında ciddi problemlər yaranıb. Saat 20.30-da işıqlar ümumiyyətlə sönüb.

Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsindəki elektroenerji problemi hələ də həll olunmayıb.

Qarabağlı ermənilərin dediklərinə görə, yay ayları başlayandan bəri onlar içməli su və elektroenerji təminatı ilə bağlı çox ciddi problemlərlə üzləşiblər.

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin erməni işğalından azad olunması həm də qarabağlı ermənilərin elektroenerji təminatında çox ciddi problemlərin yaranmasına səbəb olub.

Belə ki, ərazilərimizin 20 faizinin erməni işğalında olduğu dönəmdə Xankəndindəki terrorçu rejim 34 su-elektrik stansiyasına (SES) malik idi.

İndisə Xankəndinin əlində sadəcə, 6 SES qalıb.

Həmin SES-lərin 5-i kiçik, biri isə Sərsəng su anbarının sahilində, Tərtər çayı üzərində olandır.

Ermənistan qarabağlı ermənilərin elektroenerji məsələsini çözmək üçün Gorus-Xankəndi və Razdan-Xankəndi istiqamətində 220 kilovotluq yüksək gərginlik elektrik xətləri çəkməyə hazırlaşır.

Bu planların reallaşması mümkün deyil, çünki hazırda Xankəndi ilə Ermənistan arasında əlaqə yalnız Laçın dəhlizi vasitəsilədir.

Ermənistanın bizim ərazimizdən keçməklə yeni xətt çəkərək Xankəndinə çatdırması Azərbaycanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyinin pozulması olardı.

Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə qalan ermənilərin elektroenerji problemləri isə bundan sonra daha da ağırlaşacaq.

Sosial, maliyyə, iqtisadi və s. problemləri kimi.

Orxan Hun
Milli.Az