Avropada 1 may nümayişləri zorakılıqla dağıdıldı

2 May 2010 11:56

Mayın-1də Avropa ölkələrindəki nümayişlərin bəziləri iğtişaşlar və polislə toqquşmalarlarla yadda qalıb.

Kəskin böhran yaşayan Yunanıstanda hökumətin Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Birliyinin təzyiqləri ilə büdcə siyasətini sərtləşdirilməsi planlarına etiraz bildirilib. Aksiya iştirakçıları "BVF xuntasına yox!", "Əlinizi bizim hüquqlarımızdan çəkin!" şuarlarını səsləndiriblər. Polis əməkdaşları ölkə parlamentinin binasına soxulmaq istəyən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Almaniyanın paytaxtı Berlində solçu radikal hərəkatların təxminən 600 təfərdarları polis əməkdaşlarına yandırıcı maye və daş atıblar. Onlar bir neçə yanğın törədiblər, polis maşınlarını əziblər. Yerli KİV-in məlumatına görə, hər iki tərəfdən xəsarət alanlar var. Bir polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fransanın müxtəlif şəhərlərində mitinq keçirlərin sayı 300 min nəfərə yaxın olub. Onlar hazırlanan pensiya islahatları və artan işsizlikdən narahatlıqlarını ifadə ediblər. İtaliyanın Rozorno şəhərində isə həmkarlar ittifaqlarının himayəsi ilə keçirilən nümayişdə hökumətdən yeni iş yerlərinin yaradılması, immiqrantların istismardan qorunması tələb edilib.

Lakin heç də hər yerdə 1 may aksiyaları zorakılıq və narazılığı ilə müşayiət olunmayıb. Məsələn, İstanbulun Taksim meydanında 100 min nəfərə yaxın adam bir-birini təbrik edib. Bu, naməlum şəxslərin onlarla adamı qətlə yetirdiyi 1970-ci ilin 1 may mitinqindən sonra ilk icazəli aksiya olub.

/ANS Press/