Cəlilabadın Kürdlər kəndinin yolu bərbad vəziyyətdədir - VİDEO

21 Avqust 2021 11:12

Cəlilabad rayonunun Kürdlər kəndinin yolu bərbad vəziyyətdədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, enişli-yoxuşlu yolun xarab vəziyyətdə olması sakinləri narahat edir.

Kənd dağətəyi ərazidə yerləşdiyi üçün avtomobillərin  hərəkətində çətinlik yaşanır. Bu problem əsasən qış aylarında daha çox qabarır. Hər il sakinlər öz hesablarına kənd yolunu təmir etsələr də,  ərazi  dağlıq  olduğu üçün aşırımları aşmaq  avtomobillər  üçün mümkünsüz olur.

Uzun illər  Kürdlər kəndində həkim işləyən  Möhübbət  Qurbətov deyir ki, xəstələrin yardımına vaxtında yetişə bilmir.

Kürdlər kəndi 160 təsərrüfatdan ibarətdir. Əvvəlki illərdə əsas yollar demək olar ki, asfaltlaşıb. Sakinlər deyir ki, hazırkı xarab yollarla bağlı dəfələrlə müraciət etmələrinə  baxmayaraq, yolu düzəldən yoxdur.

Məsələ ilə bağlı Kürdlər kənd  inzibati ərazi vahidliyinin nümayəndəsi Şakir Nuriyev bildirdi ki, vəsait olmadığı üçün problem  olduğu kimi  qalıb. Aidiyyəti üzrə  dəfələrlə bu haqda məlumat verilib. Bildirilib ki, vəsait olan kimi Kürdlər kəndinin yol problemi öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az