Bakıda avtomobil yollarının yenidən qurulması üçün 1,6 milyon manat ayrılıb

18 Avqust 2021 14:22

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,6 milyon (bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az