Xalq təqvimində digər fəsillər kimi, yay fəsli də hissələrə bölünüb. İnsanlar yayın şiddətli istisinə, eləcə də yaşadıqları ərazidə əkinçilikdə olan fərqə görə dövrlərə müxtəlif adlar qoyub. Məsələn, Azərbaycanın bəzi üzüm becərilən zonalarında iyul ayı "qora bişirən ay", Abşeronda isə "əncir bişən ay" adı ilə adlandırılır. Ölkəmizin bəzi bölgələrində isə avqust ayına "qora bişirən ay" deyilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xalq təqviminə görə yay iki əsas mərhələdən ibarətdir. Etnoqrafik materiallara əsaslanan tədqiqatçılar qeyd edirlər ki, birinci mərhələ iyunun 22-dən başlayıb 45 gün davam edir. Xalq arasında bu dövr "yayın cırcırama dövrü" adlanır. Belə ki, havaların son dərəcə istiləşməsi ilə əlaqədar olaraq aran yerlərində cırcıramalar səsləşməyə, cırıldamağa başlayır. Təcrübədə müəyyən edilib ki, bu dövrdə yerə nə qədər yağış düşsə belə, ot, əkin, taxıl göyərməz. Havanın istiliyindən yerə düşən yağış nəticəsində yaranan rütubət az vaxtda buxara çevrilib quruyar.
"Quyruq doğdu" adı ilə qeyd olunan dövr isə yayın ikinci dövrüdür. Etnoqraf Eybalı Mehrəliyev "Xalq coğrafi terminlərinin izahlı lüğəti"ndə iyunun 15-dən iyulun 15-nə qədər olan dövrü "qora dəyən ay" adlandırır. Bu vaxt qora (yetişməmiş üzüm gilələri) sulanmağa başlayır. Etnoqraf yayın ən isti vaxtı - 15 iyuldan - 15 avqusta kimi olan dövrü "qora bişirən ay" kimi qeyd edir.
"Azərbaycan etnoqrafiyası" kitabında isə Teymur Bünyadov və Tofiq Babayev xalq təqvimində yayın üç mərhələyə bölündüyünü bildirirlər: "biçin vaxtı" (yayın əvvəli), "qora bişirən" (yayın orta ayı), "elqovan" (yayın son ayı).
Tədqiqatçı-jurnalist mərhum Zaleh Novruzov məqalələrində qeyd edib ki, Naxçıvanın aran kəndlərində iyun ayına "qora dəyən ay", iyul ayına isə "qora bişirən ay" deyirlər. Avqust ayının təxminən 5-6-da astronomik hadisə olan "quyruq doğduğu" üçün havalar nisbətən sərinləməyə başlayır. Qışda Səddə, Xıdır Nəbi, Novruz bayramlarında insanlar isti arzuladığı kimi, yayda da sərinləmək, yağış yağmasını istəyərdilər. Bunun üçün də xüsusi ayinlər icra edilirdi. "Azərbaycan etnoqrafiyası" kitabında yazılıb: "Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanda "Abrizəgan" adlı su bayramı olub. Bir sıra xalq bayramları kimi, bu bayramın da tarixi çox-çox qədimlərlə səsləşir. Qədim "Avesta" təqviminə görə, bayram ilin dördüncü ayı olan "tir" ayının 30-cu günü (17-18 iyul) qeyd olunurdu". Məhz bu dövrdə ümidini yağışa bağlayan əkinçilər su bayramı - Abrizəgan bayramı keçirib, ilk növbədə, yağışın süni əlamətlərini yaratmağa səy göstəriblər. Bayram günündə su ilə əlaqədar mərasimlər icra edilirdi. Hamı əllərində müxtəlif su qabları musiqinin müşayiəti ilə çay kənarına, bulaq başına, yaxud hər hansı bir su hövzəsinin yanına toplaşaraq çalıb-oynayır, bir-birilərinin üzərinə su atırdı. Qabı su ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayinlər, oyun və əyləncə xarakterli mərasimlər icra edilirdi.
Tarixi mənbələrin verdiyi məlumata görə, Səfəvilər dövründə Abrizəgan bayramı xüsusi təntənə ilə qeyd olunurdu. Səfəvi tarixçisi İsgəndər Münşi "Tarixi aləm arayi Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərində yazır ki, Şah Abbas bu bayramı çox dəbdəbə ilə keçirir və özü su bayramının iştirakçısı olurdu.
Etnoqraf Asəf Orucov "Xalq təqvimi" kitabında yazır ki, iyun ayının 21-də Ordubad bölgəsinin Gilançay vadisinin yuxarı hissəsində "su səpən" adlı mərasim keçirilib. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini və Qara piri ziyarət edərmişlər. İnanc yerlərinə gedərkən yolboyu insanlar bir-birilərinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra onlar Gəmiqayaya doğru hərəkət edər, əsl şənliklər burada başlanardı. Mərhum etnoqraf Hacı Qadir Qədirzadə isə yazırdı ki, 1980-ci illərədək mövcud olan bu mərasim gecədən səhərə qədər davam edərdi. Asəf Orucovun araşdırmalarından öyrənirik ki, insanlar Gəmiqaya ətrafına yığılıb Günəş doğmamış qayalarda olan şehi üzlərinə sürtərdilər. Sonra "Gözəllər" adlanan çeşmədən su götürər və bu suyu müqəddəs hesab etməklə, növbəti ilin həmin vaxtına qədər saxlayar, bərəkət və sağlamlıq vasitəsi kimi istifadə edərdilər.
Milli.Az