Koronavirus daha da təhlükəli hal alır? - Şöbə müdiri AÇIQLADI

10 Avqust 2021 16:24

"Son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.

O bildirib ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir:

"Panikanı aradan qaldırmaq və maarifləndirmə məqsədilə bir neçə nüans nəzərə alınmalıdır. Əsas olan yoluxma sayının artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Bəs niyə qrip xəstəliyinə görə karantin tətbiq edilmir? Çünki qrip xəstəliyi təqribən 95-99 % hallarda yüngül keçir. Demək ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir.

Yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır. Deməli peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Nə qədər çox peyvənd edilsək, yoluxma da bir o qədər azalacaq.

Bütün viruslar mutasiya etdikcə zəifləyir insanla yaşamağa məcbur olur, qorxmaq lazım deyil. Koronavirus da mutasiya edərək zəifləyir. Ən yaxın gələcəkdə koronavirus adiləşəcək".

Təhməz Əsədov
Milli.Az