"Petkim" konteyner limanının işlədilməsi haqqında saziş imzalanıb
13 Fevral 2012 19:26
ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan "Petkim" neft-kimya holdinqinin perspektiv inkişaf proqramı üzrə yeni bir layihəyə start verilib.
Trend-in ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, bazar ertəsi İstanbulda, holdinqin tərkibində fəaliyyət göstərən "Petlim" Limançılıq A.Ş" ilə konteyner terminalı əməliyyatlarında və idarəçiliyində dünya liderlərindən olan Niderlandın "APM Terminals" şirkəti arasında "Petkim" konteyner limanının uzunmüddətli işlədilməsi haqqında ilkin saziş imzalanıb.
Sazişi "Petkim" və "Petlim" tərəfindən İdarə Heyətinin sədri, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, "SOCAR Türkiyə Energy" şirkətinin rəhbəri və "Petkim"in İdarə Heyətinin üzvü Kənan Yavuz, "APM Terminals" tərəfindən şirkət rəhbərinin müavini və Avropa bölgəsi üzrə direktoru Martin Poulsen və Avropa Liman Yatırımları üzrə direktoru Con Trençard imzalayıblar.
Sazişdə nəzərdə tutulduğuna görə, konteyner limanına investisiya qoyuluşları 2014-cü ildə tamamlanmalıdır. "APM Terminals" şirkəti tərəfindən işlədiləcəyi dövrdə limanın gücü İzmirin Alsancaq Limanının bugünkü gücündən təxminən 50% artıq olacaq. Limanın bir bölümünün konteyner limanına çevrilməsi təmin ediləcək. İllik gücü 1,5 milyon TEU tutumuna malik konteyner limanının logistik dəstək sahəsi ümumən 53 hektarlıq bir ərazini təşkil edəcək. Limanın gücünün bazardakı tələbatdan asılı olaraq 3 milyon TEU-ya qədər artırılması planlaşdırılır. "APM Terminals" şirkəti 28 il müddətində limanı işlətmə hüququna malik olacaq, 2014-cü ilə qədər terminala 350-400 milyon dollar sərmayə yatırılacaq.
İmzalanma mərasimində iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev Petkim yarımadasının "Neft emalı - Neft kimyası - Logistika - Enerji inteqrasiyası" perspektiv inkişaf zənciri layihəsinə ötən ilin oktyabrında STAR Neft Emalı Zavodunun təməlinin qoyulması ilə start verildiyini deyərək, bu gün həmin layihə çərçivəsində logistika sahəsində tarixi bir addımın atıldığını bildirib. Onun sözlərinə görə, 2015-ci ildə bu şaquli inteqrasiya proqramının böyük hissəsi yerinə yetiriləcək. ARDNŞ prezidenti bölgənin artan enerji tələbatını təmin etmək məqsədi ilə "Petkim"də yeni neft-kimya məhsullarının istehsal olunması üçün zəruri investisiya layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. O, təməli qoyulan bu əməkdaşlığın Azərbaycan, Türkiyə və Niderland üçün xeyirli olacağına əminliyini ifadə edib.
Türkiyənin davamlı olaraq böyüyən, çox əhəmiyyətli bir bazar olduğunu vurğulayan "APM Terminals"ın prezidenti Kim Feyfer bu bazara olduqca geniş fəaliyyət sahələrində özünü isbatlamış, qüvvətli və etibarlı bir iş ortağı olan ARDNŞ ilə birlikdə girməkdən məmnun olduqlarını vurğulayıb.
Sazişin imzalanma mərasimində bildirilib ki, konteyner terminalı 10.000 TEU tutumlu konteyner gəmilərinin yan ala biləcəyi 700 metr uzunluğunda və 16 metr su dərinliyində sahil xəttinə malikdir. Limanın sahil xəttinin ilk 350 metrinin inşası 1-ci faza çərçivəsində 2013-cü ildə başa çatdırılacaq. Qalan 350 metrlik sahil xəttinin inşasının isə 2-ci faza çərçivəsində 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Milli.Az