Azərbaycan diasporunun uğurları erməni diasporunu rəzil edib

1 Avqust 2021 15:48

Son bir ildə iki dəfə Ermənistanın Diaspor Komissarlığında aparılan "təmizləmələr" belə deməyə əsas verir. Artıq, erməni diasporunun fəaliyyəti Azərbaycan diasporunu qismən yamsılamaqdan o yana keçmir. Dünyanın müxtəlif ölkələrində öz xislətlərinə uyğun olaraq dinc insanlara qarşı təxribatları nəzərə almasaq, erməni diasporu Azərbaycan diasporunun imitasiyası ilə məşğuldur. 2020-2021-ci illərin reallıqları da bunu deməyə tam əsas verir.    

Azərbaycan diasporunun son dövrlərdəki fəaliyyətinə qısa baxış

Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan diasporuna göstərilən diqqət və qayğı, Birinci vitse-prezident tərəfindən xaricdə Azərbaycan evləri və Qarabağ adlı həftəsonu məktəblərinin açılması ilə bağlı göstərilən təşəbbüs və dəstək öz bəhrəsini verməkdədir. Prezident tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" medalın təsis edilməsi, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması Azərbaycan diasporuna dövlət dəstəyinin, diaspor fəaliyyətinin stimullaşdırıl¬masının bariz nümunəsidir.

Dövlətimizin qayğısına öz mütəşəkkil fəaliyyəti ilə cavab verən Azərbaycan diasporu son illərdə dəfələrlə dövlət-diaspor birliyini özünün koordinasiyalı fəaliyyəti ilə sübut edib. 
"Vətən uzaqda deyil" şüarı ilə yola çıxan Azərbaycan diasporu bir çox  ilklərə imza atıb. Bu illərdə Dövlət Komitəsi əlaqələndirici kimi öz üzərinə düşəni ləyaqətlə icra edib, Azərbaycan diasporu isə bu təşəbbüslərə ürəklə, Vətən sevgisi ilə qarşılıq verib, dəstək göstərib. 

Bütün uğurlarımızın əsasında, təbii ki, dövlətin qayğısı, dəstəyi dayanır. İstər dövlət başçısı möhtərəm cənab İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva daimi xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı ilə yanaşmış, Azərbaycan dövlətinin Vətəninə, milli kimliyinə bağlı olan hər bir soydaşımızın yanında olduğunu bəyan etmişdir. 

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın gücünü, soydaşlarımızın həmrəyliyini, xalq-Prezident, diaspor-dövlət birliyini bütün dünyaya nümayiş etdirdi. Hansı ki, bu birliyə aparan yol düzgün siyasətdən, Koordinasiya Şuralarından, Azərbaycan evlərindən və s. keçib. İlk növbədə soydaşlarımızın əlaqəli fəaliyyəti üçün Koordinasiya Şuraları formalaşdırılıb. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən 130 diaspor təşkilatını əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.

Hazırda 10 ölkədə fəaliyyət göstərən 13 Azərbaycan Evi soydaşlarımızın istifadəsinə verilib ki, bu da birlik üçün olduqca önəmlidir. Milli-mədəni dəyərlərimizin təbliğində önəmli rol oynayan bu evlər, COVID-19-la mübarizə çərçivəsində də bir ümid yerinə çevrildi.

Bu gün Heydər Əliyevg Fondunun dəstəyi və soydaşlarımızın təşəbbüsü ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan məktəbləri, dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlər dünya azərbaycanlılarını birləşdirən vacib amilə çevrilib. 
Vətən müharibəsində Azərbaycan diasporunun nümayiş etdirdiyi birlik, Vətəninə, dövlətinə bağlılıq isə xüsusi SEVİNC və FƏRƏH hissi ilə xatırlanır.

Xaricdə yaşayan soydaşlarımıza  MİNNƏTDARLIQ HİSSİ ilə qeyd etmək istərdim ki, 44 Vətən müharibəsi dövründə, eləcə də müharibədən sonrakı dövrdə:

 Soydaşlarımız tərəfindən şəhid ailələrinə, sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımıza və ordumuza 3 304 234 AZN dəyərində maddi dəstək göstərilib;
 Rusiyadan Azərbaycana 2 ədəd Dermatom cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd İlizarov aparatı göndərilib. 
 Dövlət Komitəsinin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında yaşayan Azərbaycan diasporu adından Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərə 566 ədəd təkərli araba göndərilib.

Minnətdarlıqla qeyd edirik ki, soydaşlarımız yaşadığı yerdən asılı olmayaraq Vətənimizə, dövlətimizə, xalqımıza mümkün dəstəyi göstərdilər və bu dəstək bu gün də davam etməkdədir. Soydaşlarımızın "YAŞAT" marafonunda kütləvi iştirakı da bunu bir daha təsdiq edir. Birliyimizin bir daha nümayiş etdirilməsi, DÖVLƏT-DİASPOR birliyinin daha bir nümunəsi üçün fürsət olan marafonda QƏLBİ VƏTƏNLƏ DÖYÜNƏN SOYDAŞLARIMIZ, QƏLƏBƏNİ BİZƏ YAŞADANLARI BİRLİKDƏ YAŞATMAQ üçün əllərindən gələni etdilər. 

Ümumilikdə marafona start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 (bir milyon) manatdan artıq vəsait toplanıb. Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər.
Azərbaycan diasporu mübarizənin yeni metodlarına keçid edərək yaşadıqları cəmiyyətləri tanıtım lövhələri, bilbordlar, led ekranlı avtomobillər vasitəsilə məlumatlandırmaqdadır. Bu gün dünyanın onlarla ölkəsində metrodan istifadə edən, ticarət mərkəzinə gedən turist və sakinlər Azərbaycanın tanıtım şüarları, lövhələri ilə rastlaşır, ermənilərin Qarabağda törətdikləri vəhşiliklərlə həm informativ, həm də vizual tanış olur.   

Azərbaycan diasporunun uğurlarının Ermənistan tərəfindən siyasi etirafı
Hələ 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilərkən Fuad Muradov mətbuata ilk açıqlamasında belə bir fikir işlətmişdir ki: ...Azərbaycanın diaspor təşkilatları birləşməlidir. Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Onlar bilməlidirlər ki, biz yaxın zamanlarda onlara zərbələr endirəcəyik". 

Prezident İlham Əliyevin tapşırıqlarına və dövlətimizin diaspor siyasətinə uyğun olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusu rəzil, məğlub olduğu kimi, erməni diasporu da rəzil gündədir. 

Artıq Komitə sədrinin xəbərdarlıq etdiyi zərbələr öz təsirini göstərməkdədir. Son bir ildə Ermənistanın Diaspor Komissarlığında baş verən istefalar, Komissarlığa rəhbərliyin mümkün olmaması bunun bariz nümunəsidir. 

Düz  1 il bundan əvvəl, 2020-ci ilin iyul ayında Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox məmurun işdən azad olunması ilə bağlı əmr imzalamışdı.

Azərbaycan diasporu mütəşəkkil şəkildə dünyada ermənilərin yalan və təxribatlarını ifşa edir, dünyaya həqiqətləri bəyan etmək üçün birlikdə fəaliyyət göstərir. Ermənistanda isə diaspor məsələlərinə cavabdeh qurumda yarıtmaz fəaliyyətə görə kütləvi "təmizlənmə" aparılır.
Bu "təmizləmə"nin 1 ilində yenidən təmizləmə aparılır. Ermənistanın Diaspor Komissarı istefa verib. Son illərdə "plagiatçılıqla", Azərbaycan diasporunun imitasiyası ilə məşğul olan, xaricdə yaşayan soydaşlarımızın keçirdiyi çevik və silsilə tədbirlərə cavab verməklə məşğul olan ermənilərin hələ çox təmizləmələrə ehtiyacı var. İlk növbədə zərərli və yalançı xülyalarla dolu olan beyinləri, şövinizm və nifrətlə dolu olan içləri TƏMİZLƏNMƏLİDİR. Bu təmizlənmələr olmadıqca Azərbaycan dövləti, ordusu və  diasporu qarşısında RƏZİLLİKLƏRi HƏLƏ ÇOX DAVAM EDƏCƏKDİR.

Milli.Az