Zaqatalada ağır qəza - üç nəfər xəsarət aldı

31 İyul 2021 10:42

Zaqatalada minik avtomobili ağaca çırpılıb, üç nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Faldar kənd sakini, 40 yaşlı Famil Vəli oğlu Yusifov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü F. Yusifov və sürücünün sərnişinləri, Faldar kənd sakinləri 54 yaşlı Rövşən Saat oğlu Osmanov və Akif Əli oğlu Rüstəmov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az