“Bəhanə gətirmək istəmirəm” - Olimpiadada uduzan cüdoçumuz

30 İyul 2021 15:26

"Nəticə bizi qane eləmir. 7 kişi idmançı ilə gəlmişdik. Bunun bir yox, bir neçə səbəbi var".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran cüdoçumuz Məmmədəli Mehdiyev deyib.

O, püşkdə bəxtlərinin gətirmədiyini bildirib: "Bəzi uşaqlar təcrübəsizliyə görə uduzub bəlkə də, çünki gəncdirlər. Rüstəmlə mənim isə püşkdə bəxtimiz gətirmədi. Çətin idmançılar qrupumuza düşdü. Hazırlığımız yaxşı keçmişdi, ab-hava yaxşı idi. Bəxtsizlik oldu. Konkret olaraq səbəb demək olmaz. Psixoloji və fiziki hazır idik. Neçə illərdir ki, hazırlaşırdıq. Hər bir idmançımızın hədəfi medal qazanmaq idi".

M.Mehdiyev pandemiya vaxtı zalların bağlı olmasının idmana təsirindən danışıb: "Neçə ay zallar bağlı oldu. Pandemiya həqiqətən idmana təsir etdi. Şərtlər çox çətin idi. Yarışqabağı bizim idmançıların çoxu COVİD-19-a yoluxmuşdu. Avropa çempionatını da koronavirusa yoluxmuşdum. 2 ay çətinlik çəkdim. Dünya çempionatına da getmədim ki, Olimpiadaya hazırlaşım. Pandemiyaya görə məşq etmirdik. Yalnız fərdi şəkildə hazırlaşmaq olurdu. Bir ara yoluxma azalanda açıq havada məşqə icazə verildi. Açıq havada sadəcə qaçırdıq. Zaldakı şərait fərqlidir".

İdmançımız əvvəllər Olimpiadada üz-üzə gəldiyi idmançılarla öncəki görüşlərindən söz açıb: "Qazaxıstanlı cüdoçuya "Böyük dəbilqə"də uduzmuşdum. Hamısı güclü idmançılardır. Məndə alınmadı. Bəhanələr gətirmək istəmirəm. Təəssüf ki, belə oldu".

Milli.Az