Mahir Emreli bugünkü matçda oynamayacaq

24 İyul 2021 20:25

Polşa "Legiya"sı bu gün ölkə çempionatında mövsümün ilk oyununa çıxacaq.

Varşava təmsilçisi Bakı vaxtı ilə 22:00-da "Visla Plok" komandası ilə üz-üzə gələcək.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, millimizin hücumçusu Mahir Emreli bu matçda iştirak etməyəcək.

Buna səbəb 24 yaşlı forvardın səhhətində problemin olmasıdır. Belə ki, boğazında ağrılar olan Emreli görüşü kənardan izləməli olacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Legiya"nın Estoniya "Flora"sına qarşı keçirdiyi oyunda da Mahirin anoloji problemi olub.

Bu səbəbdən Polşa klubunun baş məşqçisi Çeslav Mixneviç hücumçunu axşamkı qarşılaşmada oynatmayacaq.

Onu da qeyd edək ki, "Visla Plok"da millimizin üzvü Anton Krivotsyuk çıxış edir.

Milli.Az