Ayaz Mütəllibovdan Elçibəyin oğluna jest

24 İyul 2021 15:54

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov xələfi, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin oğlunu təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a danışan Ayaz Mütəllibov toya hazırlaşan Ərturqut Əliyevə xoşbəxtlik arzulayıb. Lakin eks-prezident Elçibəyin oğlunun onu toyuna dəvət etmədiyini söyləyib:

"Toya dəvət edilməmişəm. Amma ona xoşbəxtlik arzulayıram. Yeni, gənc ailə qurulur. Bir ağsaqqal kimi ancaq xeyir-dua verə bilərəm".

Xatırladaq ki, iyulun 30-da Bakıda keçmiş prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyu keçiriləcək. Onun həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

Ötən gün Modern.az-a açıqlama verən Ərturqut Əliyev atasının bəzi silahdaşlarını toyuna çağırmadığını bildirib. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışan Ə.Əliyev cəbhəçilərdən fərqli olaraq, nazir Kəmaləddin Heydərovu  məclisə dəvət etdiyini vurğulayıb.

Milli.Az