Bu xəstəxanada saxta peyvənd sənədi verənlər ifşa edildi

22 İyul 2021 18:50

Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan "Covid-19 vaksinasiyası üzrə məlumat forması"nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az