Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış şəxslər ictimai yerlərə buraxılmayacaqlar

21 İyul 2021 23:25

Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanının vaksinasiya olunmamış vətəndaşları və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyi bəyan edib ki, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək. Bütün bu məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa da izin verilməyəcək.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi isə bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər. Rəsmi SPA agentliyinin məlumatına görə, krallığın Səhiyyə Nazirliyi bu tədbirləri COVID-19-un yeni - mutasiyaya uğramış variantlarının qarşısını almaq məqsədilə tövsiyə edib.

Milli.Az