Yaponiya hökuməti mağazalardan 14 günlük karantin şərtlərini pozanlar barədə məlumat vermələrini xahiş edir

19 İyul 2021 19:59

Mağazalar Yaponiyaya yeni gələn alıcıların pasportunu yoxlamalı və onların 14 günlük karantin rejimini pozmaları barədə məlumat verməlidirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökuməti bu barədə mağazalara xahişlə müraciət edərək, onlardan rüsumdan azad ticarət zamanı alıcıların pasportunu yoxlamağı tələb edib. Bildirilir ki, həmin göstərişə əsasən mağazalar alıcıların karantin qaydalarına əməl etmələrini təmin etmək üçün onların aldığı məhsullar barədə elektron məlumatı Milli Vergilər Agentliyinə təqdim etməlidir.

Yaponiya qanunvericiliyinə görə, bu ölkəyə gələn bütün əcnəbilər onların testinin mənfi nəticə göstərməsinə baxmayaraq, iki həftə ərzində özlərini təcrid etməlidirlər. Virusun daha təhlükəli ştamlarının müəyyən edildiyi ölkələrdən gələn səyyahlar isə karantində olduqları 14 gün ərzində əlavə test verməlidir.

Olimpiya Oyunlarının iştirakçılarına və digər qonaqlara gəlincə, onlar sərhəd nəzarətindən azad edilsələr də, Yaponiyada üç günlük karantin də daxil olmaqla bütün ehtiyat tədbirlərinə əməl etməlidirlər.

Qəzetin yazdığına görə, qaydaları pozan əcnəbilərə qarşı cərimələr, yaşama statusunun ləğv olunması və deportasiya kimi cəzalar tətbiq edilsə də karantin tələbləri tez-tez pozulur.

Hökumət mənbələrinin bildirdiyinə görə, Yaponiyaya gələrkən karantin dövründə qeyd etdikləri ünvanda özlərini təcrid edəcəklərini vəd edən şəxslər bir çox hallarda həmin yerdə tapılmırlar. Bildirilir ki, hər gün təqribən 300-dək şəxsin həmin qaydanı pozduğu aşkar edilir.

Səhiyyə Nazirliyi mağazaların operatorlarından qaydanı pozan əcnəbilər barədə məlumatı Əcnəbi Vətəndaşların Səhhətinin Monitorinqi Mərkəzinə göndərməyi xahiş edir. Həmin məlumatda əcnəbinin adı, milliyyəti və pasportunun nömrəsi əksini tapmalıdır.

Olimpiya Oyunları ilə əlaqəli qonaq karantin qaydalarını pozduqda isə, Yaponiya Səhiyyə Nazirliyi bu barədə məlumatı Oyunların təşkilat komitəsinə çatdırmalıdır.

Məlumat üçün qeyd edək ki, Yaponiyada səfərdə olan əcnəbilər rüsumsuz ticarət sisteminə müvafiq olaraq, 8-10 faiz istehlak vergisindən azaddırlar. Yaponiya Turizm Agentliyinin məlumatına görə, ölkədə təqribən 55 min mağaza rüsumdan azad məhsullar təklif edir.

Milli.Az