Mingəçevirdə heroin və "patı" satan şəxs saxlanıldı - FOTO

19 İyul 2021 13:54

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni "Whatsapp" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Belə ki, İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib. Araşdırma zamanı şübhəli şəxsin 2 ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı ) satdığı da müəyyən edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az