Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında Day.az informasiya agentliyinin sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
"Müasir magistral yollar - yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu, həqiqətən də onu göstərir ki, biz infrastruktura böyük sərmayə yatırmışıq. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır. Qeyd etdiyim kimi, bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur".
Milli.Az