Professor: Keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələr allergiyaya meyilli olur

19 İyul 2021 21:54

Körpənin mikroorqanizmlərlə ilk tanışlığı doğuş zamanı olmalıdır. Ana olmağa hazırlaşanlara məhz bu səbəbdən təbii doğuşu məsləhət görürlər. Ana bətni mikrobsuzdur. Körpə təbii yolla dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə, orqanizmimiz üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Nəzərə almaq lazımdır ki, mikrobsuz həyat mümkünsüzdür və orqanizmin immun sisteminin inkişafı üçün mikroblar vacibdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli deyib.

Həkim-terapevt bildirib ki, süni yolla (keysəriyyə) dünyaya gələn uşaqların mikroblarla kontaktı gec baş verir: "Bu, təhlükəlidir. Məhz bu səbəbdən keysəriyyə yolu ilə dünyaya gələnlər gələcəyin allergik xəstələri hesab edilə bilər. Doğuşdan sonra körpə məhz ana südü ilə qidalanaraq immun maddələrini anadan almalıdır. Körpə ana südü ilə minimum 2 il qidalanmalıdır. Məlum olub ki, süni qida qəbul edən körpələrdə bağırsaq mikroflorasının əsas tərkibini təşkil edən süd turşusu bakteriyalarının miqdarı azdır. Ana südü isə körpənin normal bağırsaq mikroflorasının inkişafı üçün zəmin yaradır. Ümumiyyətlə mikroorqanizmlərin ən çox yayıldığı hissə dəri və bağırsaqların selikli qişasıdır".

Milli.Az