Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha bəyan etmişdir ki, bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd etmişdir ki, bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı vədlərimiz yerinə yetirilib.
Son 17 ilin təhlili göstərir ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu müddətdə ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyulması əsas məqsədimiz olub. Məhz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə məqsədimizə nail olduq. Bu gün artıq yeni dövr-bərpa və quruculuq mərhələsi uğurla davam etdirilir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması fonunda görülən genişmiqyaslı işlər qürurumuz, sabaha böyük inam və ümidimiz, ən əsası bir vaxtlar "Dağlıq Qarabağ" adlanan ərazi vahidinin yoxluğudur. Qeyd olunan mərasimdə də bir daha bildirildiyi kimi, Qarabağ iqtisadi rayonunun yaradılması, bütün Qarabağa aid olan rayonların burada birləşməsi, Şərqi Zəngəzur iqtisadi rayonunun təşkili və sair kimi biri-birindən önəmli addımlar artıq Dağlıq Qarabağ məsələsinin həllini tapdığını, ölkəmizin inkişafında yeni səhifənin açıldığını təsdiqləyir.
Bu fikirləri Milli.Az-a "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, hər bir dövlət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyətini diqqət mərkəzində saxlamaq önəmlidir: "Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaşa diqqət və qayğı olan dövlətlər layiqincə gələ bilərlər. Azərbaycan təkmil islahatları, sosial-iqtisadi inkişafı, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması ilə dünyaya özünü sosial dövlət kimi təqdim edib. Ən çətin məqamlarda belə Azərbaycan dövləti vətəndaşının sosial müdafiəsini, rifahını unutmur, heç bir sosial layihə təxirə salınmır. Buna əmin olmaq üçün artıq iki ilə yaxındır davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə diqqət yetirmək kifayətdir. Dövlət başçısı daim müvafiq strukturlarından tələb edir ki, iqtisadi islahatlar dərinləşdirilməli, sosial layihələr uğurla həyata keçirilməlidir. Prezidentin 19 mart 2020-ci il tarixil Sərəncamına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının həyata keçirilməsi də bunun bariz nümunəsidir".
"Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda canından keçən şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir" söyləyən baş redaktor qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, mühüm tədbirlər həyata keçirilir.
V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı ölkə ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanır: "Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakteri ilə diqqət çəkir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi davamlı olaraq müasir tələblərə cavab verən fərdi evləri və çoxmənzilli yaşayış binalarını tikib onların istifadəsinə verir, eyni zamanda, qazilərin məşğulluq məsələləri həllini tapır. İyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı Azərbaycan dövlətinin bu kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Dövlət başçısı İlham Əliyev qeyd olunan mərasimdə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, qazilərimizin məşğulluq məsələləri həll olunur, çağırışlara özəl sektor müsbət reaksiya verib. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir".
Baş redaktor ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" Fərmanı ilə "YAŞAT" Fondunun təsis edilməsinin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Bildirib ki, Fondda toplanan vəsaitlər hesabına şəhid ailələrinin və qazilərin məişət şəraiti yaxşılaşdırılır, kreditlərinin, təhsil haqlarının, tibbi xidmətlərin ödənilməsi həyata keçirilir.
V.Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, statistik rəqəmlərə müraciət etdikdə istər Vətən müharibəsindən əvvəl, istərsə də sonra şəhid ailələrinin, qazilərimizin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atıldığını açıq-aydın görürük: "Prezident İlham Əliyevin mərasimdəki çıxışında vurğuladığı kimi, şəhidlərin qanı yerdə qalmadı, onların qəhrəmanlığı hesabına Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Vətən oğullarının qəhrəmanlığı nəticəsində bu gün qürurla torpaqlarımızın işğaldan azad olunmasından danışırıq. Dövlətimiz müzəffər dövlət, xalqımız müzəffər xalq kimi yaşayır. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bu, şəhid ailələri üçün təsəlli ola bilər".
Milli.Az