Vətən müharibəsində iştirak edən idmançının rütbəsi artırıldı

14 İyul 2021 15:34

Vətən müharibəsində könüllü iştirak edən "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü, polis zabiti Bəxtiyar Abbasovun rütbəsi vaxtından əvvəl artırılıb.

Milli.Az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Vətən müharibəsində könüllü iştirakına görə baş-leytenant B.Abbasova kapitan rütbəsi verilib.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tanınmış idmançı Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşüb. O, 2016-cı ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2018-ci ildə isə Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Prezidentin fəxri fərmanına layiq görülüb.

Xatırladaq ki, B.Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.

Milli.Az