Son iki ilin ən böyük xalçası kəsilib - 57 kiloluq Quba xalçası - FOTO

6 İyul 2021 16:22

"Azərxalça"nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib. 24 kv. metrlik (4x6) xalça 57.2 kq-dır.

Milli.Az-ın məlumatına görə, "Pirəbədil" çeşnili Quba xalçasının toxunmasına toxucularımız - Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə hələ 2018-ci ilin aprel ayında başlayıblar. COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.

Böyük ölçülü xalçaları toxucular adətən 1il - 1 il 3 ay müddətində toxuyurlar.

Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.

Milli.Az