Rusiya Qarabağ nizamlanmasında İranın vasitəçiliyinə etiraz etmir
30 Aprel 2010 15:43
RİA "Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada keçirdiyi brifinq zamanı bildirib. "Biz bu cür görüşün keçirilməsinin əleyhinə deyilik. Belə görüş baş tutarsa, ondan nəticə gözləmək lazım gələcək və o zaman İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik imkanları barədə danışmaq olar", - deyə Nesterenko bildirib.
Nesterenko vurğulayıb ki, hazırkı mərhələdə İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmək barədə təklifi yalnız bu cür üçtərəfli danışıqlar keçirməyə aiddir. O, həmçinin bildirib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun tərkibinə daxil edilməsi ilə bağlı Azərbaycan tərəfindən heç bir rəsmi təklif almayıblar: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Rusiyaya bu cür təklif daxil olmayıb. İstənilən halda bu danışıqların praktik müstəvidə aparılması üçün ən azından bütün münaqişə tərəflərinin razılığı olmalıdır. Ermənistan - Türkiyə münasibətlərinin normallaşması haqqında protokolların ratifikasiyası məsələsinin dayandırıldığını nəzərə alsaq, belə razılaşmaya nail olunması çətin görünür".
Milli.Az