Fəqan Səfərov: "Qız olduğuna görə onu özümə rəqib görmürəm"
9 Fevral 2012 15:51
Eurovision-2012 milli seçim turunun finalçısı Fəqan Səfərovun SİA-ya müsahibəsi:
- Özün haqda qısa məlumat verərdin...
- 1989-cu il dekabrın 2-də anadan olmuşam. Musiqiçi ailəsində böyümüşəm. Moskvada daha çox olmuşam. Orada da böyümüşəm. Eləcə də musiqi təhsilimi orada almışam. Milli seçimlərə qatılıb finala qədər gəlib çıxa bilmişəm. Hesab edirəm ki, uğur qazanacağam.
- Bu yerə gəlib çıxmaq üçün hansı mərhələlərdən keçmisən?
- Mahnılar üzərində çalışıb yaxşı performans göstərməyə səy göstərdim. Təbii ki, müəyyən çətinliklər də özünü büruzə verirdi. Bunlara baxmayaraq, finala qədər gəlib çıxa bildim.
- "Eurovision" mahnı müsabiqəsi sənin üçün nə deməkdir?
- "Eurovision" Azərbaycanın musiqisini və mədəniyyətini layiqincə təmsil etmək üçün ciddi yarışmadır. Ən azından bütün Avropa dövlətləri bu müsabiqəyə baxırlar. Ölkəmizi layiqincə tanıtmaq üçün də gözəl imkandır. Buna görə də yarışmaya çox ciddi hazırlaşmaq lazımdır.
- Digər iştirakçılardan fərqli olaraq daha özünə qapanan, daha sakit iştirakçı idin...
- Düzünü desəm, danışmağı elə də xoşlamıram. Əsas üstünlüyü ifamın gözəl alınmasına verirəm. Efirdə çox danışmaqdan çəkinirəm. Daha doğrusu həyəcanlanıram.
- Digər iştirakçılardan səni nə fərqləndirir?
- O biri iştirakçılar da özlərinə görə istedadlıdırlar. Oxumaqdan başqa fortepianoda ifa etmək bacarığım var. Bununla yanaşı, mahnıların yığılıb arenjiman edilməsindən anlayışım var. Oxumaqla yanaşı, bir çox bacarıqlarım var və bu da məni digər iştirakçılardan fərqləndirir.
- Kimi özünüzə rəqib görürsən?
- Heç kimi özümə rəqib görməmişəm. Çünki hər kəsin özünəməxsus səs tembri var.
- Bir çoxları Səbinə Babayevanın finalda qalib olmasını istəyirlər. Sən necə düşünürsən?
- Qız olduğuna görə onu özümə rəqib görmürəm. Lakin ifaçı kimi bəyənirəm.
- "Eurovision- 2012"-də Azərbaycanı təmsil etmək üçün niyə səni seçməlidirlər?
- Çünki estrada musiqilərindən başqa milli musiqilərimizi də ifa edə bilirəm. Bununla yanaşı, klassik musiqilərimizdən də ifa edə bilirəm. Hətta düşünürəm ki, müsabiqədə Avropa stilində mahnı olsa da, milli musiqidən müəyyən parça da səslənsə, yaxşı olar. Buna görə inanıram ki, müsabiqədə Azərbaycanı layiqincə təmsil edə bilərəm. Gələn qonaqlar da görəcəklər ki, doğrudan da Azərbaycan musiqisi necə də zəngindir.
- Finala az vaxt qalıb. Necə hazırlaşırsan, mahnı seçimlərin artıq bəllidir?
- Finalda çox maraqlı ifalarım olacaq. Orada ifa olunacaq mahnılar demək olar ki, seçilib, ancaq içərisindən təmizlənəsi hələ də var. Bir çox dillərdə mahnılar ifa edəcəyəm.
- Uzun müddət Moskvada yaşayan insan üçün Azərbaycan dilində danışmaq və ifa etmək çətin olmadı?
- Elədə çətinliyim olmayıb. 1 ildir ki, gəlib-gedirəm. Əvvəllər daha tez- tez gəlirdim. Burada yaradıcılığımla məşğul oluram. Bundan əvvəl başqa bir yarışmaya da qatılmışdım. "Azəri star-2011" müsabiqəsində də finala qədər gələ bilmişdim.
- Səni seçmələri üçün tamaşaçılara nə deyərdin?
- Mənə dəstək olsunlar ki, maraqlı ifalar eşitsinlər. İnanıram ki, onların ümidlərini doğrulda biləcəyəm.
Milli.Az