Əfsanəvi rəqqasə Əminə Dilbazi vəfat etdi
30 Aprel 2010 13:07
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, xalq artisti, "İstiqlal" ordenli əfsanəvi rəqqasə 91 yaşında dünyasını dəyişib.
Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxan xanım Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib.
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı-Mirzeyi", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
Milli.Az xəbər portalının məlumatına görə, Əminə Dilbazi ilə vida mərasimi sabah keçiriləcək. Rəqqasənin oğlu Mikayıl bəyin Milli.Az-a bildirdiyinə görə, Əminə xanım 40 gün əvvəl ikinci insult keçiribmiş
və son günlər özünü çox pis hiss edirmiş: "Yeməkdən kəsilmişdi,
sərbəst danışa bilmirdi. Həkim nəzarətində idi. Anam 3 il əvvəl daha
bir insult keçirmişdi. Amma o vaxt bu xəstəlikdən qalxa bildi. Bu
dəfəki xəstəlik onu yıxdı. Nə qədər çalışsaq da, onu həyata qaytara
bilmədik".
Qeyd edək ki, mərhum sənətkarla vida mərasimi sabah
günorta saatlarında Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Vida mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri,
dövlət və incəsənət xadimləri iştirak edəcəklər. Daha sonra mərhum
Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Xədicə
Milli.Az