Paşinyan möcüzəyə ümid edir - Azərbaycanın güzəşt limiti sona çatdı

28 İyun 2021 11:16

27 sentyabrda başlayan II Qarabağ müharibəsi illərdir erməni təxribatına cavab əməliyyatı idi. Bu yaxınlarda BBC-yə müsahibə verən Serj Sarkisyan da etiraf etdi ki, Paşinyan ötən ilin iyul ayında dövlət sərhəddində təxribat törətməklə, təxribatı hazırlayan yüksək rütbəli hərbçini mükafatlandırmaqla tarixi səhvə yol verdi. Düzdür, bunu deyən Sarkisyanın bir qədər "müdrik" görkəmi alsa da, həm onun, həm də avantürist Paşinyanın müxtəlif tribunalarda, o cümlədən Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin sammitində hansı pozucu açıqlamalar verdiyindən Azərbaycan Prezidenti ilə görüşən diplomatlar da xəbərdardırlar. Bütün bunlar ermənilərin postkonflik dövrü üçün hazırladıqları manipulyasiyaların artıq effekt vermədiyini açıq şəkildə sübuta yetirir.

İrəvan müharibədən sonrakı mərhələyə keçid və 10 noyabr üçtərəfli sazinişi iqnor etmək imkanlarından tamamilə məhrum edilmək üzrədir. Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətində olsaq da, Ermənistan tərəfi münasibətlərin normallaşması yolunda hər hansı əməli-praktiki addım atmaq fikrində kimi görünmür. Üçtərəfli bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi yalnız atəşkəs razılaşması deyil. Bunu artıq Ermənistan tərəfi də qəbul etməlidir. Onlar artıq postkonflik barədə də düşünməlidirlər. 

Prezident İlham Əliyevin iyulun 23-də Rusiya dövlət başçısı ilə telefon danışığı zamanı üçtərəfli bəyanatların (10 noyabr, 11 yanvar) icrasının mütləqilliyinin vurğulanması, vasitəçi tərəf olan rəsmi Moskvanın da bu məsələdə maraqlı olduğunu təsdiq etdi. Bununla da dövlət başçıları Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturlarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirməklə yanaşı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinin qarşılıqlı sürətdə tərəfdarı olduqlarını göstərmiş oldular. Bütün bu hadisələr fonunda isə erməni tərəfi hələ də məsələləri dolaşıq labirintdə saxlamağa çalışır, yenə də nəyəsə ümid edir. 

Paşinyan parlament seçkilərindən öncə üçtərəfli bəyanatın müddəalarını yerinə yetirəcəyini desə də Rusiya hərbçilərinin Zəngəzur ərazisində yerləşdirilməsi mövzusunda müzakirələr aparmaqdan ötrü Moskvaya böyük nümayəndə heyəti göndərməsi İrəvanın öz niyyətindən sona qədər səmimi olmadığının təsdiqidir. Parlament seçkilərindən qalib çıxan Nikol Paşinyanın "bütün razılaşmalar yerinə yetiriləcək" bəyanatına sadiq qalması bu gün əvvəlkindən daha artıq tələb olunur. Çünki artıq məğlub ölkənin taymaut limiti bitib və məhz haqqında danışılan iki sənədə imza atan Paşinyan proseslrin aktiv fazaya keçməsi üçün qətiyyət göstərməlidir. Onun manevr imkanlarını isə 10 noyabr və 11 yanvar bəyanatlarına qarant duran Rusiya məhdudlaşdırmalıdır.

Lakin biz bu gün başqa proseslərin şahidiyik. Sorosun uşağı olan Paşinyan öncədən də bir çox ekspertlərin proqnozlaşdırdığı kimi parlament seçkilərindən qalib ayrılsa da, Qərbin ətəyindən əl çəkmək niyyətində deyil, ən azından indiki vəziyyətdə belə görünür. Paşinyanın bəyanatların müddəalarını yerinə yetirmək əvəzinə manevrlər edərək vaxt qazanmaq istəyi çox güman ki, Qərblə bağlıdır. Yəni qazanılan vaxt kəsiyində Qərbin mühüm həmləsinə və regiondakı yeni geosiyasi düzəni dəyişəcəyini ümid edən Paşinyan, daha anlamır ki, artıq Ermənistanı möcüzə də xilas etməyəcək. 

Məsələ ondadır ki, götürülən öhdəliklərin yerinə yetirilməsindən yayınma Kremlin bölgə ilə bağlı maraqlarına ziyan vurmaqla yanaşı onun sözünün keçərliliyini də sual altına qoya bilər. Prezident İlham Əliyevin Vladimir Putinlə telefon danışığı, habelə Kreml sahibinin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında səsləndirdiyi fikirlərdən də belə aydın olur ki, Rusiya Qarabağ məsələsi ətrafında yaranmış yeni reallıqlar müstəvisindən hərəkət edərək, məğlub Ermənistana təkrarən müharibə ssenairisi üzərində düşünmək imkanı verməyəcək. 

Lakin Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Robert Köçəryanın simasında birabırçı məğlubiyyətə uğrayan Rusiyadakı erməni daşnak diasporu öz məirli planından əl çəkmək niyyətində deyil. Erməni diasporasına yaxınlığı ilə seçilən Rusiyanın "ТВ Центр" telekanalının Laçın dəhlizində hazırladığı son reportajın bir adı var - təxribat. 

"Sağda Ermənistandır, bura Dağlıq Qarabağ, o tərəf isə Azərbaycandır" deyən jurnalist Dağlıq Qarabağı ayrı bölgə kimi qələmə verməyə çalışır. Süjetdə 2 erməni qadın isə bildirir ki, "bizə əsas Rusiya və rus pasportu lazımdır ki, bizim yaşadıqlarımızı övladlarımız yaşamasın". Aparıcı bununla eyni zamanda ermənilərin Rusiya pasportu almaq istəməklə məsələsini qabardır. Heç şübhəsiz ki, Ermənistanı Paşinyana uduzan Rusiyadakı erməni diasporu, erməni əsilli oliqarxlar gözlərini Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə manipulyasiyalara dikiblər. Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı revanşist və hələ də ərazi iddialarından əl çəkməyən düşmən tərəfə bəlkə də son xəbərdarlığını etdi: "Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir".

Dövlət başçısı "Ermənistan tam dərk etməlidir ki, heç kim bizi dayandıra bilməz, dəmir yumruq yerindədir" bəyanatı ilə bir daha rəsmi İrəvana, revanşist qüvvələrə və onların havadarlarına Azərbaycanın güzəşt limitinin sona çatdığını eşitdirmiş oldu. Əgər Rusiya postmünaqişə dövrünün reallıqlarına uyğun fəaliyyət göstərməkdə həqiqətən israrlıdırsa, bu tipli süjetlərin hazırlanmasının qarşısını almaq yollarını da bilməlidir.

Təhməz Əsədov
Milli.Az