Uçan azərbaycanlı "Fənərbağça"da!

30 Aprel 2010 13:06
Türkiyənin "Fənərbağça" klubu gənclər arasında 200 metr məsafəyə qaçışda Usain Boltdan sonra dünyada ən yaxşı göstəriciyə malik olan azərbaycanlı yüngül atlet (sprinter) Ramil Quliyevlə anlaşıb.

Bu barədə Türkiyənin "Hurriyət" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Quliyev bir ay sonra Portuqaliyada keçiriləcək Avropa Çempion Klublar Kuboku yarışlarında "sarı-lacivərdli" formanı geyinəcək.

"Hurriyət" həmyerlimizin transferini "müdhiş bir transfer" kimi dəyərləndirib: "Fənərbağça" klubu atletika sahəsində müdhiş bir transfer gerçəkləşdirdi. "Sarı-lacivərdlilər" 200 metr məsafəyə qaçış üzrə Usain Boltdan sonra ən yaxşı nəticəyə sahib sprinter olan (20.04) azəri Ramil Quliyevlə anlaşdı. Dünyanın ən istedadlı sprinterləri arasında göstərilən 20 yaşlı Quliyev bir ay sonra Portuqaliyada keçiriləcək  Avropa Çempion Klublar Kuboku yarışlarında "sarı-lacivərdli" formanı geyinəcək. "Fənərbağça" Atletizm Şöbəsinin beynəlxalq əlaqələr üzrə yönəticisi Alibey Şükrüoğlu Quliyevin transferinin çətin şərtlərlə reallaşdığını bildirərək "Bu transfer türk atletizmi və "Fənərbağça" üçün tarixi bir olaydır" dedi".

/Fanat.az/