Polşa prezidentinin ölümü ilə bağlı daha bir müəmmalı məqam
30 Aprel 2010 12:23
Milli.Az "Moskovskiy komsomolets"ə istinadən xəbər verir ki, Polşa prezidentinin administrasiyası uçuşun vaxtını gözlənilmədən və uçuşa görə bilavasitə məsuliyyət daşıyan qurumlarla məsləhətləşmədən dəyişib. Polşa Hərbi Hava Qüvvələrinin rəhbəri general Kşiştof Zalenski reysin gecikməsi haqda baş nazir Donald Tuska verməli olduğu məruzəni isə qəzadan bir neçə saat sonra təqdim edib.
Sənəddə bildirilir ki, uçuşa bir saat əvvəl başlanılması pis hava şəraitində təyyarənin bir neçə dövrə vurması və ya daha təhlükəsiz yerə enməsi üçün vacib imiş. Dəyişiklik isə Prezident Katibliyi ilə aviadəstə arasında razılaşdırılmalı olsa da, bu, baş verməyib. Bu səbəbdən də pilotların fövqəladə vəziyyətdə qərar qəbul etməsi üçün vaxtları olmayıb. Çünki başqa hava limanına eniləcəyi təqdirdə prezident tədbirə çatmayacaqdı. Mərasimin Polşa üçün böyük əhəmiyyət daşıması üzündən isə Kaçinski oraya heç cür gecikə bilməzdi.
Prezident təyyarəsinin nəyə görə nəzərdə tutulandan 1 saat gec uçması hələ ki məlum deyil.
Milli.Az