"10-15 min alan müğənnilər indi insanları başa düşməlidirlər" - Aynur Dadaşova

22 İyun 2021 15:26

"Tək incəsənətdə olan insanların yox, bir çoxlarının çörəyi toy sektorundan çıxır və bu dönəm həmin şəxslər üçün çox çətin oldu. Bundan sonra nə xeyirlisidirsə, o da olar yəqin".

Bunu Milli.Az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərarına reaksiya verən müğənni Aynur Dadaşova deyib.

Xanım ifaçı bildirib ki, toylara baha qiymətə gedən müğənnilər sadə insanları da nəzərə almalıdırlar:

"Hər bir şey normasında getsə, dövlət qurumları nəyi necə məsləhət bilsələr, yəqin ki, bu sektorda da hər şey öz nomrasına dönər. Baxmayaraq ki, mən 31 ildir bu sənətdəyəm, toy bazarını heç sevmirəm. Əksər müğənni toyu xoşlayır, amma mən heç vaxt bu toyun dərinliyinə gedən bir müğənni olmamışam. Yəni mütləq toy olmalıdır, mən toy oxumalıyam. Dolanışığım - mən dövlət işçisiyəm. Bəzi insanlar deyirdilər ki, insanlar necə 300-500 manatla dolana bilər? Pandemiyada başa düşdüm ki, insan istəsə qonorarla da dolana bilər. 

İndi insanları da nəzərə almaq lazımdır. İş-güc olmadı, camaat istədiyi məbləği qazana bilmədi. Bunu tək özüm üçün demirəm, müğənnilərin hamısına aiddir ki, 10-15 min alan müğənnilər indi insanları başa düşməlidirlər, nəzərə almalıdırlar. Mən inanıram ki, indi həmin məbləği də hər bir insan verməz". 

Məhəmməd Vaqif
Milli.Az