“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun təsdiqləndi

22 İyun 2021 15:11

Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. Şuşa Şəhəri Dövlət Qoruğu

1.1. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.

1.2. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.

Maddə 2. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisi

2.1. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.

2.2. Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mühafizə zonasının sərhədləri müəyyən edilir.

Maddə 3. Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləri

3.1. Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

3.1.1. Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək;

3.1.2. Şuşa şəhərində yerləşən tarix və mədəniyyət abidələrinin (bundan sonra - abidələr) həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək;

3.1.3. Şuşa şəhərində effektiv dövlət idarəetməsinin təşkili və tətbiqini təmin etmək, şəhər həyatının bütün sahələrində innovativ həllərdən istifadəni dəstəkləmək;

3.1.4. Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq;

3.1.5. Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyətinin canlanmasını və inkişafını təmin etmək;

3.1.6. Şuşa şəhərinin ərazisində elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişaf və nümayiş etdirilməsi üçün tədbirlər görmək;

3.1.7. Şuşa şəhərində mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək;

3.1.8. Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin inkişafını təmin etmək, habelə şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunu möhkəmləndirmək.

Maddə 4. Şuşa şəhərinin ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləmə

4.1. Şuşa şəhərinin ərazisində bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir.

4.2. Şuşa şəhərinin ərazisində hüquqi tənzimləmənin sahələri aşağıdakılardır:

4.2.1. abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği;

4.2.2. ətraf mühitin mühafizəsi;

4.2.3. tikinti, memarlıq və şəhərsalma fəaliyyəti;

4.2.4. sahibkarlıq fəaliyyəti;

4.2.5. turizm (rekreasiya) fəaliyyəti, habelə yerli, ölkə və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi;

4.2.6. reklam fəaliyyəti;

4.2.7. nəqliyyatın təşkili, o cümlədən Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisinə giriş-çıxışın tənzimlənməsi;

4.2.8. mənzil fondunun idarə edilməsi;

4.2.9. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi.

4.3. Bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan sahələr üzrə Şuşa şəhərində tənzimləmə ilə bağlı əlavə tələblər müəyyən edilə bilər.

4.4. Şuşa şəhərinin mühafizə zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə rejimi tətbiq edilir.

Maddə 5. Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği

5.1. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin dövlət mühafizəsinin və qorunmasının təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.

5.2. Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.

5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

5.4. Yazılı göstərişə əməl edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərcləri, habelə dəymiş zərərin əvəzini göstərişi icra etməmiş şəxslərdən tələb edir.

5.5. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir. Belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

5.6. Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılır. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.

5.7. Dünya əhəmiyyətli abidələr istisna olmaqla, dövlət mülkiyyətində olan digər abidələr və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, xüsusi mülkiyyətdə olan abidələr və ya onların hissələri isə elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra icarəyə (istifadəyə) verilə bilər. Mülkiyyətində abidələr olan hüquqi və fiziki şəxslər abidələri və ya onların hissələrini digər məqsədlər üçün icarəyə (istifadəyə) verdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

5.8. Şuşa şəhərinin ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə (istifadəyə) götürən fiziki və ya hüquqi şəxslər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər.

5.9. Şuşa şəhərinin ərazisində "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yol verilir.

5.10. Xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.

5.11. Dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olmayan abidələr ilə əlaqədar bu işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçi (icarəçi və ya istifadəçi) tərəfindən və onun hesabına aparılır.

5.12. Şuşa şəhərinin ərazisində abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında abidələrin qorunmasına dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə müqavilələri bağlanılır. Abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin abidələrin salamatlığına görə qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

5.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək hüququna malikdir. Monitorinqin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

5.14. Şuşa şəhərinin ərazisində abidələr ilə bağlı bu Qanunla tənzimlənməyən məsələlər "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 6. Şuşa şəhərinin ərazisində ətraf mühitin mühafizəsi

6.1. Şuşa şəhərinin ərazisində ətraf mühitin mühafizəsi "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

6.2. Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük verilir.

Maddə 7. Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyəti

7.1. Şuşa şəhərinin ərazi planlaşdırılması sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, habelə özündə müfəssəl həlləri ehtiva edən şəhərin Baş planı təşkil edir.

7.2. Şuşa şəhərinin ərazisində həyata keçirilən bütün tikinti-quraşdırma, abadlıq, təmir, bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işləri şəhərin Baş planına, ərazinin memarlıq üslubuna uyğun olmalıdır.

7.3. Şuşa şəhərinin ərazisinin zonalaşdırılması Baş planda müəyyənləşdirilir.

7.4. Tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılır və bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir.

7.5. Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

7.6. Şuşa şəhərinin ərazisində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı tikintiyə icazə və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, belə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən, habelə tikinti fəaliyyətindən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir.

Maddə 8. Şuşa şəhərinin ərazisində sahibkarlıq fəaliyyəti

8.1. Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin edilir.

8.2. Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağandır.

8.3. Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 9. Şuşa şəhərinin ərazisində turizm (rekreasiya) fəaliyyəti, habelə yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi

9.1. Şuşa şəhərinin ərazisində abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılması təmin edilir, habelə maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri təşkil edilir.

9.2. Şuşa şəhərinin ərazisində yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının, konsert və musiqi festivallarının, sərgi və ekskursiyaların keçirilməsi, sənədli və bədii filmlərin, televiziya verilişlərinin və reklam çarxlarının çəkilişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə əvvəlcədən razılaşdırılmalıdır.

Maddə 10. Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti

10.1. Şuşa şəhərinin ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır.

10.2. Şuşa şəhərinin ərazisində Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi təşviqinə dəstək olan reklamların yerləşdirilməsinə üstünlük verilir.

10.3. Şuşa şəhərinin ərazisində şəhərin tarixi-mədəni irsinə, mədəniyyətinə və şöhrətinə xələl gətirə bilən reklam yerləşdirilməsi qadağandır.

10.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa şəhərinin ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirir, o cümlədən reklam yerləşdirilməsinə icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verir, tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görür, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq verir.

10.5. Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti ilə bağlı bu Qanunda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və "Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 11. Şuşa şəhərinin ərazisində nəqliyyatın təşkili

11.1. Şuşa şəhərinin ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

11.2. Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilir və onlardan istifadə təşviq edilir.

11.3. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya bu cür istifadə qadağan edilə bilər.

Maddə 12. Şuşa şəhərinin ərazisində mənzil fondunun idarə edilməsi

12.1. Şuşa şəhərinin ərazisində dövlət mənzil fondu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.

12.2. Şuşa şəhərinin ərazisində mənzil hüququnun həyata keçirilməsi, habelə əhalinin əmlak hüquqları ilə bağlı bu Qanunda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər qanunları ilə tənzimlənir.

Maddə 13. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət idarəetməsinin təşkili və Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi

13.1. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisində dövlət orqanları (qurumları) tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) və ya elektron qaydada təşkil edilir.

13.2. Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

13.3. Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılır.

13.4. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

13.5. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 14. Şuşa şəhərinin ərazisində vergilər və digər məcburi ödənişlər

Şuşa şəhərinin ərazisində tətbiq edilən vergilər və digər məcburi ödənişlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq müəyyən edilir.

Maddə 15. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Milli.Az