Özbəkistan jurnalistləri Kəlbəcərdə həlak olmuş jurnalistlərlə bağlı başsağlığı verib

22 İyun 2021 16:34

Özbəkistan Jurnalistlərinin Yaradıcılıq Birliyi Kəlbəcərdə həlak olmuş Azərbaycan jurnalistləri ilə bağlı başsağlığı verib.

Mətbuat Şurasından Milli.Az-a verilən məlumata görə, başsağlığında deyilir:

"Biz, Özbəkistan jurnalistləri azərbaycanlı həmkarlarımızın xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının Kəlbəcər rayonunda tank əleyhinə mina partlayışı nəticəsində həyatlarını itirmələrini ağrı ilə qarşıladıq. Dünyanın bir sıra jurnalist təşkilatları kimi, jurnalistlərin və digər dinc sakinlərin ölümündə günahkar olanları qətiyyətlə pisləyirik". Bu fikirlər Özbəkistan Jurnalistlərinin Yaradıcılıq Birliyi tərəfindən Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş media təmsilçiləri - Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovla bağlı Azərbaycan Mətbuat Şurasına daxil olmuş başsağlığı məktubunda yer alıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla yanaşı Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanova və Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin sədri Rövşən Məmmədova ünvanlanmış məktubda bildirilib ki, kütləvi informasiya vasitələrinin təmsilçiləri həm döyüş bölgələrində, həm də hərbi əməliyyatların başa çatdığı ərazilərdə işləyə bilərlər. Bu, dünya ictimaiyyətinin müharibənin və onun nəticələrini görmələri üçün vacibdir.

"Özbəkistan jurnalistləri, ölkəmizin sakinləri adından həlak olanların ailələrinə, qələm dostlarına, eyni zamanda dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk"

Milli.Az