2021-ci ilin sonunadək 5G şəbəkələrinə qoşulmaların sayı 2,5 dəfə artacaq

24 İyun 2021 22:15

2021-ci ilin sonunadək 5G şəbəkələrinə qoşulmaların sayı 580 milyona yaxınlaşacaq, 2026-cı ilədək isə bu göstərici 3,5 milyardı ötəcək. Bu barədə telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış "Ericsson" şirkəti məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, hazırda 5G rabitəsinin ən yüksək nüfuzetmə səviyyəsi Çin daxil olmaqla Şimal-Şərqi Asiyada müşahidə olunur, bu göstərici üzrə ikinci yeri Şimali Amerika tutur. Analitiklərin proqnozuna görə, sonuncu 2026-cı ilədək abunəçilərin 84%-nin beşinci nəsil şəbəkələrinə qoşulması sayəsində liderliyə yüksələcək.

Araşdırmaya əsasən, "COVID-19" pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq operatorlar 5G şəbəkələrinin quraşdırılmasına davam ediblər - indi 160-dan çox operator bu texnologiya əsasında kommersiya xidmətləri göstərir. İstifadəçilər yeni texnologiyaya böyük maraq göstərirlər: 2021-ci ilin birinci rübündə 5G şəbəkələrində qoşulmaların sayı 70 milyon artaraq 290 milyona çatıb.

Şirkətin nümayəndəsi deyib ki, 5G texnologiyalarını dəstəkləyən qurğuların ekosistemi sürətlə inkişaf edir - indi 300-dən çox 5G smartfon modeli əlçatandır.

"Ericsson" şirkətinin mütəxəssisləri orta statistik smartfon istifadəçisinin hər ay 10 QB-dan çox mobil trafik istifadə etdiyinə əmindir. 2020-ci ilin birinci rübündən 2021-ci ilin birinci rübünədək müddətdə dünyada trafikin həcmi 46% yüksəlib.

Analitiklərin məlumatına görə, 2021-ci ilin birinci rübündə qlobal mobil trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% yüksələrək aylıq 66 ekzabaytı ötüb.

Yaxın illərdə qlobal mobil trafikin həcminin 5 dəfə artması gözlənilir.

Milli.Az