Viruslardan qorunmaq üçün bitki istifadəsində doza həddini aşmaq başqa xəstəlikləri kəskinləşdirir

20 İyun 2021 21:45

Virus infeksiyalarına yoluxma immun sistemi aşağı olan şəxslərdə daha çox baş verir. Həmçinin immuniteti zəif olanlar xəstəliyi daha kəskin keçirirlər. Bu səbəbdən, viruslardan qorunmaq üçün fitoterapiya (bitkilər və digər təbii vasitələrlə müalicə) üsullarından istifadə zamanı immuniteti gücləndirən təbii vasitələrdən istifadə effektlidir.

Milli.Az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, immuniteti artıran təbii vasitələrdən biri propolisdir: "Digər viruslarda olduğu kimi, yeni növ koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün də 1 yaşdan yuxarı hər kəs propolis istifadə edə bilər. Propolis gündə 2 dəfə, yeməkdən öncə 50 milliqram suya 2-60 damcı (həkimin təyinatına əsasən) əlavə olunaraq daxilə qəbul edilir. İstifadəçilərə məsləhət bilirik ki, 45 gün istifadədən sonra fasilə versinlər. Lakin bir neçə həftəlik fasilə başa çatdıqda profilaktikaya davam etmək mümkündür. Bu, arı məhsulu həm təbii antiviral, həm də antibiotikdir və bütün virus infeksiyalarına qarşı effektli üsuldur".

E.Eldaroğlu, həmçinin virus infeksiyaları zamanı bitkilərin faydası barədə də danışıb.

"Koronavirus pnevmoniyasına tutulmadan öncə gündəlik istifadə edə biləcəyimiz bitkilər arasında qara zirə (çörək otu), ud hindi və zəncəfil çox faydalıdır. Bu bitkiləri 20 gün ərzində hər birindən 10 qram qarışdıraraq dəmləyib içmək orqanizmi gücləndirir. Lakin qeyd edim ki, kəskin mədə-bağırsaq xəstəliyi olanlar qarışımdan istifadə edə bilməzlər. Allergik xəstələrin isə ud hindinin miqdarını artırıb, çörək otunu azaltmaqla bu bitki çayından içmələri mümkündür. Adətən xəstələr virus infeksiyaları zamanı ud hindi, çörək otu, yemişan, bağayarpağı, cökə kimi bitkilərdən çox yaxşı effekt ala bilirlər, amma istənilən halda doza həddini aşmaq olmaz. Məsələn, zəncəfil çox miqdarda qəbul edilərsə, mədə qanaması verər, təzyiqi qaldırar.

Bundan başqa, koronavirus infeksiyası zamanı öskürəkdən şikayət edənlərdə nəfəsin normallaşması üçün bəlğəmin çıxması, ümumiyyətlə ağciyər reabilitasiyası önəmlidir. Belə olan halda, biyan kökü bitkisindən istifadə məsləhətlidir", - deyə fitioterapevt bildirib.

Həkimin sözlərinə görə, faydalı bitkilərdən mümkün qədər çox miqdarda istifadə etmək orqanizmin daha çox güclənəcəyi və yoluxmanın baş verməyəcəyi anlamına gəlmir: "Ümumiyyətlə, bitkilərdən istifadə faydalı olsa da, reseptlərin həkim məsləhəti ilə təyin olunması məqsədəuyğundur. Çünki bitkilərdən istifadə zamanı doza həddini aşmaq başqa xəstəliklərin yaranmasına və ya ağırlaşmasına səbəb ola bilər".

Milli.Az