“Şəxsi maşınla gəlməyin” - BNA çağırış etdi

19 İyun 2021 15:13

Bakı Nəqliyyat Agentliyi (BNA) Avro-2020 futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

BNA-dan Milli.Az-a daxil olan müraciətdə deyilir:

"Əvvəlcədən məlumat verildiyi kimi Avro-2020 futbol üzrə Avropa çempionatının oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşlər rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspres marşrut xətləri təşkil edib. Bunu nəzərə alaraq azarkeşlərə tövsiyə edirik ki, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bəzi azarkeşlər avtomobillərini Bakı Olimiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspres xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.

Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimpiya Stadionu ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eynisəviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alacaq, müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar".

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa evsahibliyi edəcək. İyulun 3-də isə 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

Milli.Az