QHTXEBER.AZ saytının baş redaktoru Sənan Nəcəfov Facebook hesabında Zeynalov Mais adlı qazinin videomüraciətinə reaksiya verib.
Milli.Az baş redaktorun paylaşımını təqdim edir:
"Cəlilabad rayonundan bir qazinin müraciətini izlədim. Zeynalov Mais Rəşad oğlu kartof sahəsində əyləşib əllilik dərəcəsinin təyin olunmadığını və iş şəraitinin ağır olduğunu bildirir, yerli məmurların fəaliyyətindən şikayətlənir, maddi vəziyyətinin ağır olduğunu deyir. Prezidentdən "tədarük" görülməsini israrla tələb edirdi. Qazinin video-müraciəti istər-istəməz adamı hövsələdən çıxardır. Nə çətin işdir axı, bir Qazinin problemi ilə maraqlanmaq, ona qayğı göstərmək? Mütləqdir ki, şikayət olsun, sosial şəbəkələrdə yayılsın, bu vəziyyət yaransın?
Bu məsələ ilə bağlı müvafiq orqanlarla əlaqə saxladıq. Beləliklə, bildirdilər ki,
Yaralı Zeynalov Mais Rəşad oğlunun qeydiyyatı 2021-ci il 05 mart tarixində müalicə və psixoloji dəstək tədbirlərinin görülməsi istiqaməti üzrə qeydə alınmış, yaralı müayinə və müalicə olunması məqsədi ilə Avrasiya Klinikasına yönləndilmiş, 1096 AZN müalicə xərci YAŞAT Fondu tərəfindən qarşılanmışdır.
Vətəndaşa 550 manat sığorta ödənişi də verilmişdir.
03.05.2021-ci il tarixdə vətəndaş TSEK tərəfindən müayinə olunub, III qrup əlillik dərəcəsinə uyğundur. Şəhadətnamə alan kimi təyinat aparılacaq.
Bundan əlavə, 14 Saylı Məşğulluq Mərkəzi tərəfindən vətəndaşla əlaqə saxlanılmış və özünüməşğulluq proqramı çərçivəsində "İribuynuzlu heyvandarlıq" sahəsi üzrə layihəyə cəlb edilmiş, ilkin monitorinq aparılmışdır. O, təlimləri keçdikdən və biznes planı uğurla müdafiə etdikdən sonra əmlaklarla təmin olunacaq.
İndi mat-məəttəl qalmışam.
Ya video-müraciət çoxdan edilib, o vaxta qədər Qazinin problemləri həll olunub.
Ya da "özümü yandıracam" tələbli növbəti şikayətçinin sosial şəbəkə müraciəti yayılıb. Qazi var ki...Nə isə...
İstənilən halda, belə həssas qruplarla işləyərkən gecikdirmə, vaxt itkisi yolverilməzdir. Qazinin sözü varsa, o qapı döyməli deyil, onun qapısı ilk döyülməlidir, sözü ilk dinlənməli, problemi ilk həll olunmalıdır ki, sonda belə video-mürüciətlər çıxmasın. Qazi belə müraciət etməməlidir. Sözün hər iki mənasında. Qazi Qazidir!"
Milli.Az