Azərbaycan bunu bacaran ilk ölkədir - Gürcü ekspertdən ÖZƏL AÇIQLAMA

19 İyun 2021 13:30

"Şuşa Bəyannaməsi regionun gələcəyi baxımından hərtərəfli olaraq çox mühüm sənəddir".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin iqtisadi imkanları çox böyükdür:

"Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan üçün toxunulmazlıq qarantiyasıdır. Bu sənəd artıq Azərbaycanı gələcəkdə bir çox güc mərkəzləri tərəfindən istənilən təhdiddən qoruyacaq.  

İkincisi isə Şuşa Bəyannaməsi çox böyük bir pilot layihədir. Bu sənədin iqtisadi tərəfləri, ölkələrin inteqrasiyası baxımından əhəmiyyəti də çox böyükdür. Bəyannamənin iqtisadi əhəmiyyəti Özbəkistan və Qazaxıstana da çox böyük müsbət təsir göstərəcək. Bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizi Çinə açılan böyük bir yoldur. 

Üçüncüsü isə bunu qeyd etmək lazımdır ki, Türkiyə üçün bu dəhlizin siyasi-iqtisadi əhəmiyyəti olan çox böyük bir layihədir. Bu layihə də Rəcəb Tayyib Ərdoğana növbəti planlarını həyata keçirmək üçün böyük kömək olacaq. 

Bir şeyi də unutmaq olmaz ki, Türkiyə NATO-nun üzvüdür. Bu da Azərbaycanın faktiki olaraq NATO-nun nəzarətinə keçməsi, Azərbaycanın təhlükəsizliyinə NATO-nun cavabdeh olması deməkdir. Azərbaycan Türkiyənin sayəsində NATO-nun nəzərəti altında olacaq. Azərbaycan nəinki Cənubi Qafqazda, Baltikyanı ölkələri saymasaq bütün postsovet məkanında bunu bacaran ilk ölkədir".

Təhməz Əsədov
Milli.Az