Fransanın "Thales" şirkəti Azərbaycanda reallaşdırılan layihələr barədə

18 İyun 2021 21:20

Azərbaycanın demək olar ki, bütün hava limanları Fransanın "Thales" şirkətinin hava hərəkətinin idarə olunması üçün lazım olan sistemlərlə təchiz olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə "Thales International Azerbaijan" şirkətinin texniki direktoru Mixail Malinovski deyib.

Onun sözlərinə görə, bütün uçuşlar və enişlər həmin sistemlər tərəfindən idarə olunur: "Bundan başqa, "Thales" ölkədə biometrik pasport və şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı texniki həllərin və proqram təminatının inteqrasiyasında iştirak edir. "Thales" həm də "ASAN Visa"nın tətbiqində iştirakda maraqlıdır".

Şirkətin texniki direktoru bildirib ki, 2014-cü ildə Bakı metropoliteni ilə məhsuldar əməkdaşlıq başlayıb: "Bu illər ərzində biz bir neçə layihə reallaşdırmışıq. Onlardan biri qatarların hərkətinin təhlükəsizliyini, sürətin tənzimlənməsini, marşrut və cədvəllərin idarə olunmasını təmn edən innovativ avtomatlaşma və rabitə sistemlərinin tətbiqidir. Bakı metropoliteninin rəhbərliyi və mütəxəssisləri ilə birgə biz "bənövşəyi" xətdə qatarların avtomatik idarə olunması sisteminin mərhələli tətbiqinə başlamışıq. Gələcəkdə bu sistem xəttin iqtisadi və texniki xüsusiyyətlərini təkmiləşdirəcək, enerji istehlakını, orta sürəti azaltmağa və qatarlar arasında intervalı qısaltmağa imkan verəcək".

Milli.Az