İran prezident seçkiləri səsvermədə aktivlik var - İranlı rəsmi

18 İyun 2021 21:59

İranda 13-cü çağırış prezident seçkilərində son saatlarda səsvermədə aktivlik müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İran Seçki Komissiyasının sədri Camal Orf jurnalistlərə açıqlamasında deyib.

C.Orfun sözlərinə görə, buna əsasən seçkilərin gecə saat 11-dək uzadılmasına qərar verilib. İranın Koronavirusla Mübarizə Milli Komitəsi lazım olduğu halda yerli vaxtla gecə saat 2-dək səsvermənin müddətini uzatmağa icazə verib.

Orf əlavə edib ki, İranın bəzi vilayətlərinin kəndlərində səsvermə artıq başa çatıb və bəzi kəndlərdə isə seçkilərin başa çatması haqda valiliklər qərar verəcəklər.

Komissiya sədri qeyd edib ki, qeyri-rəsmi elan olunan statistikalar etibarlı deyil. Bu statistikalar mediaların proqnozu və dəyərləndirməsi ilə həyata keçirilir. Seçkilərlə əlaqədar statistikaları sadəcə İranın Daxili İşlər Nazirliyi elan edə bilər.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd - İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.

Milli.Az